Avropa Azərbaycan Məktəbi

Avropa Azərbaycan Cəmiyyəti 2011-ci ilin sentyabrında Azərbaycanda, Bakıda Avropa Azərbaycan Məktəbini təsis edib. Məktəb V-VIII sinfi əhatə etməklə 95 şagirdlə fəaliyyətə başlayıb. 2012-ci ilin sentyabrında məktəbdə ibtidai təhsil bölməsi açılıb. Şagirdlərin sayı 200-dən yuxarı, siniflər isə ibtidaidən başlayaraq IX sinfə qədərdir. Hal-hazırda məktəbdə 42 müəllim, 12 inzibati işçi və 11 nəfərlik texniki heyət çalışır.

Avropa Azərbaycan Məktəbində təlim Azərbaycan dilindədir, lakin bu məktəbin məqsədi Beynəlxalq Bakalavriat (İB) Dünya Məktəbinə çevrilmək olduğu üçün burada ingilis dili şagirdlərə intensiv şəkildə tədris edilir. Məktəbdə rus dili də tədris olunur.

Məktəb kurikulum üzrə tam təhsil verməklə yanaşı sinifdənxaric geniş proqram da təklif edir. Bura dram (Azərbaycan, rus və ingilis dillərində), şahmat, rəqs, üzgüçülük, xor dərnəyi, ənənəvi xalça toxuma, rəsm və dulusçuluq daxildir.

Təqaüd:

Avropa Azərbaycan Məktəbi özəl və ödənişli məktəbdir. Geniş əhatəli şagird seçiminə nail olmaq üçün ödəniş haqqı aşağı həddə tutulur. Şagirdlər təhsil haqqı ödəməkdən aşağıdakı hallarda azad oluna bilər:

  • şagird Avropa Azərbaycan Məktəbinə qəbul imtahanında yüksək nəticə göstərərsə;
  • şagird tədris ili ərzində yüksək nəticə göstərərsə;
  • şagird aztəminatlı ailədəndirsə.

Məktəb, ödəniş haqqı və təqaüd imkanları barədə daha ətraflı məlumatı Avropa Azərbaycan Məktəbinin internet səhifəsindən əldə etmək mümkündür:

www.eas.az

Növbəti səhifələr