Çoxsaylı mükafatlar almış “Sonsuz dəhliz” sənədli filmi Parisin aparıcı incəsənət mərkəzində nümayiş etdirildi

Press-reliz: ABŞ-la Litvanın birgə istehsalı olan və çoxsaylı mükafatlar alan “Sonsuz dəhliz” müstəqil sənədli filmi martın 9-da Parisin çoxprofilli incəsənət mərkəzi olan “L’Entrepôt”da nümayiş etdirilib.

Həmin tədbirdə 1992-ci il, fevralın 26-da baş vermiş Xocalı qırğını qurbanlarının xatirəsi anılıb. Bu faciə Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin ən qəddar səhifələrindən biridir. Bu qırğın 613 nəfər mülki vətəndaşın həyatına son qoyub. Həlak olanlar arasında 106 qadın, 63 uşaq, 70 qoca da var.

Parisin vətəndaş cəmiyyəti təşkilatlarının və analitik mərkəzlərinin 70 nümayəndəsinin, həmçinin Azərbaycanın UNESCO-dakı daimi nümayəndə heyətinin rəhbəri Anar Kərimov da daxil olmaqla UNESCO daimi nümayəndə heyətləri üzvlərinin və diplomatların iştirakı ilə keçirilən film nümayişi “Xocalıya ədalət” kampaniyası çərçivəsində, Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Paris ofisi tərəfindən Europa Film Akt (EFA) təşkilatı ilə əməkdaşlıq şəraitində təşkil edilmişdi. EFA hər il keçirilən “L'Europe autour de l'Europe” festivalının təşkilatçısıdır. Bu festival çərçivəsində Azərbaycan kino sənətinin ən son nümunələrinin mütəmadi olaraq nümayişi keçirilir.

“Sonsuz dəhliz” filmi 2015-ci ildə beynəlxalq səviyyədəki premyerasından sonra bütün dünyada tənqidçilər tərəfindən rəğbətlə qarşılanıb. Bu film Madrid şəhərində keçirilən Tenerife Beynəlxalq Film Festivalında “Ən yaxşı sənədli film” və “Sənədli filmin ən yaxşı rejissoru”, Milan Beynəlxalq Kinematoqrafçılar Festivalında isə “Sənədli filmin ən yaxşı montajı” nominasiyalarında birinci mükafatları qazanıb. Film ABŞ-da keçirilən Akkolad Qlobal Film Müsabiqəsində də iki mükafata – 2015-ci ilin may ayında “Ən yaxşı şou”, 2016-cı ilin yanvar ayında isə 2015-Akkolad Humanitar Mükafat müsabiqəsində “Üstün nailiyyət” mükafatlarına layiq görülüb. “Sonsuz dəhliz” həmçinin “Pan-European Eurochannel”, “CNN Türk” və “TV 24” (Türkiyə) telekanallarında nümayiş etdirilib.

AAC-nin Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin tədbirdəki çıxışında “Sonsuz dəhliz”in məramı barədə danışıb: “Tarix hər zaman mübahisə və təfsir subyekti olub. Bu münaqişədə hər iki tərəf qurbandır. Bu gecə keçirilən film nümayişinin niyyəti gərginliyi artırmaq deyil, Azərbaycan tarixinin son dövrünün ən kədərli səhifələri barədə məlumatlılığı artırmaqdır. Ermənistanla olan bu ərazi münaqişəsi hələ də həll edilməmiş qalır və onun insanlar üçün fəsadları davam etməkdədir.

Bu günün faciələri dünənin faciələrini unutdurmamalıdır. Bu gün sığınacaq axtaran milyonlarla qaçqın bizə hələ də erməni qüvvələrinin işğalı altında olan torpaqlarının geri qayıtmasını 20 ildən çox gözləyən 1 milyona yaxın azərbaycanlını unutdurmamalıdır. Onların çəkdiyi iztirablar həqiqidir və sənədləşdirilmişdir. Gəlin ədalətə və sülhə yol tapaq və onu həyata keçirək. Və Azərbaycan və Ermənistan yalnız bu zaman, iki qonşu arasında harmoniyaya nail olandan sonra tam və davamlı inkişaf edə bilərlər”.

EFA-nın direktoru İrina Biliç nitqində deyib ki, bu gecə nümayiş etdirilən filmdə bəzi çox emosional şahid ifadələri var: “Bu münaqişə çox vaxt “L'Europe autour de l'Europe” festivalında nümayiş etdirilən filmlərdə əks olunur. Düzgün başa düşülmək üçün sənətçilərin səmimi olmasına ehtiyac var”.

1992-96-cı illərdə Fransanın Azərbaycandakı ilk səfiri olmuş cənab Jan Perrin çıxışında Xocalı qırğınının fəsadlarını xatırladıb. Fransalı diplomat deyib: “Ermənilər Xocalı qırğınından Azərbaycanı terrora və təzyiqə məruz qoymaq üçün istifadə edib. Mən Bakıda mərkəzi xəstəxanada qırğından sağ çıxmış bəzi insanları ziyarət etdiyimi xatırlayıram. Onların yaraları sadəcə müharibədən deyildi. Mən gördüklərimi heç vaxt unutmayacağam.

Təmas xəttində artıq 20 ildən artıqdır davam edən qaynar müharibə hələ də gedir. Ermənilər Azərbaycan ərazisinin işğalını davam etdirir. Qaçqın və məcburi köçkünlərin çəkdiyi əziyyətləri sözlə ifadə etmək kifayət deyil. Əsgərlər davamlı olaraq öldürülür. BMT Təhlükəsizlik Şurasının Ermənistana qarşı qəbul etdiyi 4 qətnaməyə baxmayaraq heç nəyə nail olunmayıb. ATƏT-in Minsk Qrupu vasitəsilə danışıqlar davam edir, lakin Azərbaycanın çəkdiyi əziyyət hələ də davam etməkdədir”.

Qırğının canlı şahidi olmuş və Xocalıya qayıdış səfəri filmdə mərkəzi yer tutan litvalı jurnalist Rikardas Lapaitis tədbirdəki çıxışında öz təəssüratlarını bölüşüb: “Mən 1992-ci ilin fevral ayında, Sovet İttifaqının süqutundan və qırğından dərhal sonra Ağdamda idim. Ağdamda tibbi yardım yox idi və gördüyüm yaralıları heç vaxt unutmayacağam. Onların çoxunun sonu amputasiya ilə nəticələndi.

Yaşadıqlarım mənim həyatımı dəyişdi və jurnalist olmağın dəyərini anlamağa vadar etdi. Xocalı hadisələri terror aktı olsa da nəzərdən qaçmışdı. İndi Ermənistan və Azərbaycan həll yolu tapmaq üçün vətəndaş cəmiyyəti vasitəsilə birlikdə çalışmalıdır. Xocalını yandıraraq buraxıblar, lakin biz anlamalıyıq ki, münaqişə dinc insanların həyatını əlindən alır. Ortaq insanlığımızı xatırlamalıyıq”.

Filmin nümayişindən sonra canlı sual-cavab sessiyası keçirilib. Sessiya zamanı qırğın və münaqişənin işıqlandırılması məqsədilə “Sonsuz dəhliz” filminin Fransada niyə daha çox nümayiş etdirilməməsinin səbəbləri kimi məsələlərə də toxunulub.

BMT Təhlükəsizlik Şurasının işğala qarşı 4 qətnamə qəbul etməsinə baxmayaraq Ermənistan Dağlıq Qarabağın və 7 ətraf rayonun işğalını bu günədək davam etdirir. Hazırda Azərbaycan ərazisinin təqribən 20 faizi işğal altındadır və 1 milyona yaxın qaçqın və məcburi köçkün Azərbaycanın müxtəlif yerlərində məskunlaşıb.

Gecə Xocalı qurbanlarının xatirəsinə və yalnız bir arzusu – doğma evlərinə qayıtmaq arzusu olan azərbaycanlılara həsr olunmuşdu.

Növbəti səhifələr