“Vogue” Leoni Mergenin “Qarabağ kolleksiyası”nı işıqlandırdı

Press-reliz: 100 ildən artıq tarixi olan “Vogue” jurnalının Britaniya şöbəsi moda, stil və gələcək tendensiyaların carçısı ilə sinonimdir. “Vogue” jurnalının Britaniya şöbəsi internet səhifəsinin öz diqqətini builki London Moda Həftəsində təqdim olunacaq aparıcı kolleksiyalardan birinə – 25 yaşlı berlinli dizayner Leoni Mergenin “Qarabağ kolleksiyası”na cəmləməsi yerinə düşdü. “Vogue” jurnalının internet səhifəsində kolleksiyaya baxmaq üçün http://bit.ly/voguekarabakhcollection səhifəsinə keçə bilərsiniz.

Məqalədə deyilir ki, kolleksiya Böyük Britaniyada beynəlxalq moda elitasının qaymaqları olan 5000-dən artıq insanı cəlb edib. Bu təqdimat kolleksiyanın Berlində keçirilmiş Mercedes-Benz Moda Həftəsindəki dünya premyerasında, daha sonra yenə də Almaniyanın paytaxtında “L’Oréal Professionnel” brendinin tədbirində yüksək səviyyəli nümayişindən sonra keçirilib.

Leoni artıq 25 ildir Ermənistan tərəfindən qeyri-qanuni olaraq işğal altında saxlanılan Azərbaycanın Qarabağ regionunun ikonoqrafiyasından ilhamlanıb. Onun marağını xüsusilə Azərbaycanın çovqan (polonun daha maraqlı sələfi olan) oyunu cəlb edib. Bu oyun da həmin regiondan gəlir və qızılı Qarabağ atları ilə oynanılır.

Ansambllarda ölkənin məşhur parçalarını xatırladan bəzəklər, həm kişi, həm də qadın geyimi görünüşünü yaradan yaxalar və qollu çuxalar təqdim olunmuşdu. Tarixi İpək Yolunda birləşdirici mərkəz olmuş Azərbaycanın irsi Leoninin kolleksiyasında mühüm rol oynayan atçılığın təsiri ilə yaradılmış dəri aksessuarları və mürəkkəb ipək elementləri ilə onun dizaynlarında aydın görünür.

Sleek” jurnalı yazır: “Dizayner dərin kəsilmiş yaxaları uzunqol örtüklərlə nazik parıltılı dəri və incə ipəklə kombinasiya etmiş və bununla Qədim İpək Yolunda birləşdirici mərkəz olmuş Azərbaycanın irsinə müraciət etmişdir. Dizaynerin ilk özünəməxsus nümayişində həndəsi formada olan göy və tünd qırmızı rəngli ornamentlər regionun məşhur kilimlərini xatırladır”.

Şərhçi Harri Let “C-Heads” jurnalındakı yazısında bildirib: “Əşyalar formasına görə təvazökar olsa da xəz, ipək, məxmər və dərinin birləşməsi onları çox zəngin və mürrəkkəb edir. Bunlar dərin, cah-calallı rənglərlə bərq vuran və mülayim, klassik tekstura ilə zəngin olan əşyalardır. Mergen həqiqətən ənənə pərəstişkarıdır və bizə ənənənin tərəqqi ilə necə birləşə bildiyini göstərir. Biz irəli getmək üçün ənənələrdən imtina etməməliyik, biz onları azad və dürüst şəkildə əhatə etməliyik”.

Avropa Azərbaycan Cəmiyyətinin sədri və təsisçisi Tale Heydərov bildirib: “Qarabağ kolleksiyası” TEAS üçün çox maraqlı layihədir və biz gənc berlinli dizayner Leoni Mergenə Azərbaycandan ruhlanan modanı dünya auditoriyasına təqdim etmək şansını verməkdən və onu ölkəmizə ruhlandırıcı səfərində dəstəkləməkdən məmnunuq”.

Tale Heydərov Dağlıq Qarabağ məsələsi ilə də bağlı fikirlərini bildirib. O, deyib: “Bu dərəcədə beynəlxalq səviyyədə işıqlandırılan və diqqət cəlb edən moda kolleksiyası daha geniş ictimaiyyətə Azərbaycanın belə bir işğal olunmuş Dağlıq Qarabağ regionunun olduğunu göstərmək, mədəniyyətin bütün sahələrində bizim milli irsimizi qorumaq üçün addımların atılmalı olduğunu və vətəndaş cəmiyyətinin gücündən istifadə edilməli olduğunu bildirmək üçün çox gözəl imkandır”.

Növbəti səhifələr