Azərbaycanın qaçqın və məcburi köçkünlərinin ağrısı Parisin qəlbində ictimaiyyətin diqqətinə çatdırıldı

Press-reliz. Paris, 21 iyun 2017-ci il: BMT-nin Ümumdünya Qaçqınlar Günü çərçivəsində bütün dünyada təşkil olunan silsilə tədbirlərin bir hissəsi olaraq Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin təşkilatçılığı ilə Fransa Senatının yerləşdiyi Lüksemburq sarayında “Avropa və Fransada unudulmuş münaqişələrin nəticələriı: uzun müddətdir qaçqın və məcburi köçkün həyatı yaşayanların cari vəziyyəti və uzunmüddətli perspektivlər – Azərbaycan nümunəsi” adlı konfrans keçirilib.

Konfrans Avropa Robert Şuman İnstitutu (IRSE) və “Paris-Ile-de-France” Müdafiə Araşdırmaları Ali İnstitutu (IHEDN) ilə birgə təşkil edilib. Tədbir Bas-Rhin regionunun senatoru və Fransa Senatında Fransa-Qafqaz Dostluq Qrupunun prezidenti Andre Reişarın himayəsi altında keçirilib. Tədbirdə diplomatlar, senatorlar, idmançılar, UNESCO və vətəndaş cəmiyyəti nümayəndələri də daxil olmaqla 50-dən çox adam iştirak edib.

Xüsusilə Suriya, İraq və ətraf ölkələrdən qaynaqlanan beynəlxalq qaçqın böhranı və II Dünya müharibəsindən bəri görünməyən miqyasda miqrasiyanın təsiri bu il BMT Ümumdünya Qaçqınlar Gününə xüsusi diqqət cəlb edib. Qaçqınların statusuna dair BMT-nin 1951-ci il Konvensiyasının qəbul edilməsinin 50-ci ildönümü münasibətilə BMT tərəfindən 2001-ci ildə Ümumdünya Qaçqınlar Günü elan edilən 20 iyun tarixinin vəzifəsi “qaçqın” anlayışının yalnız dərhal müharibədən sonra yaranan vəziyyətə aid olmadığını, bəşəriyyət üçün ciddi fəsadlar törədən davamlı bir məsələ olduğunu xatırlatmaqdır. 

Təbii ki, xəbərlərin vaciblik iyerarxiyasına, postsovet dünyasının düzgün anlaşılmamasına və bu sahədəki fikirlərə görə bir uzunmüddətli münaqişə beynəlxalq mediada kifayət qədər işıqlandırılmayıb. Bu da Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsidir. İlkin olaraq bu münaqişə 1988-1994-cü illərdə Sovet İttifaqı süquta uğradığı zaman və ondan sonra qızğın gedirdi. Nəticədə Ermənistan Azərbaycan ərazilərinin təqribən 20 faizini işğal etdi və 1 milyona yaxın qaçqın və məcburi köçkün bu günə qədər də ölkə ərazisinin müxtəlif yerlərində yaşayır. İki nəsil düşərgələrdə böyüyüb, lakin hamısının bir böyük arzusu var – evlərinə geri qayıtmaq arzusu. 

Senator Reixardt tədbiri açaraq bunları deyib: “Bu çox əlamətdardır ki, bugünkü tədbir Senatda keçirilir. Azərbaycanda minlərlə insan münaqişə nəticəsində evlərindən didərgin düşüb, lakin onların əksəriyyəti ölkə daxilində köçürülmüş şəxslərdir. ATƏT-in Minsk Qrupunun Azərbaycanla Ermənistan arasında danışıqlar vasitəsilə sülhə nail olmaq üçün 20 ildən artıqdır ki, çalışmasına baxmayaraq, bu situasiya ilə beynəlxalq ictimaiyyət məşgul olmalıdır. Bütün məcburi köçkün və qaçqınlar hələ də bir arzu ilə yaşayırlar. Onlar evlərinə qayıtmaq istəyirlər, hətta baxmayaraq ki, Azərbaycan hökuməti onların yaşayış şəraitini yaxşılaşdırmaq üçün çox iş görüb. 

2016-cı ildə “Dördgünlük müharibədən” sonra yeni təmas xətti çəkilib və Azərbaycanda ərazilərin azad edilməsinə çoxlu çağırışlar olub. Lakin Azərbaycan hər zaman deyib ki, məsələnin həllində sülh yolunun tərəfdarıdır. ATƏT-in Minsk Qrupu bu günə qədər məqsədlərinə nail olmayıb. Biz yeni strategiyalar qəbul etməliyik. Danışıqlar vasitəsilə əldə edilmiş ədalətli həll yolu əsasdır. Hər iki tərəfdən vətəndaş cəmiyyəti təşkilatları arasında əlaqələrin yaranmasına dair yeni konsepsiya məndə ümid yaradır”. 

Fransanın sabiq naziri, IRSE təşkilatının prezidenti Yamina Benguigui deib ki, IRSE təşkilatının məqsədi xalqlar arasında həmrəylik yaratmaqdır: “Hazırkı miqrasiya böhranına görə Qərbi Avropada qaçqın və məcburi köçkün məsələlərinə daha çox diqqət yetirilir. Azərbaycanda 1 milyona yaxın məcburi köçkün və qaçqın var və yeni vətəndaş cəmiyyəti təşəbbüsləri çox dəyərlidir. Bu, dialoq üçün imkan yaradır. Həm Azərbaycan, həm də Fransa burada vasitəçilik etmək üçün məsuliyyətli rol oynayır. Biz qaçqın əhalinin öz vətəninə geri qayıtmasını tamamilə dəstəkləyirik. Bu da insanın əsas hüquqlarından biridir. Biz ümid qapılarını açmalıyıq”. 

TEAS-ın Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin öz təqdimatında qeyd edib ki, erməni işğalı dəfələrlə beynəlxalq səviyyədə qınanıb: “Buraya həmçinin BMT Təhlükəsizlik Şurasının və Avropa Parlamentinin qətnamələri, habelə digər sənədlər daxildir. Bugünkü konfransın məqsədi bir tərəfdən geosiyasi kontekstin və Azərbaycanda yaşayan qaçqın və məcburi köçkünlərin ifadələrini təqdim etməklə bu insanlar haqqında anlayışın artırılmasıdır. Digər tərəfdən isə münaqişənin həm diplomatik nöqteyi-nəzərdən, həm də vətəndaş cəmiyyətinin fəaliyyəti vasitəsilə sülh yolu ilə ədalətli həlli üçün potensialını nəzərdən keçirməkdir”.

IHEDN təşkilatının direktoru Edouard Detaille bildirib: “Biz məsələləri yumşaltmaq üçün milli müdafiə məsələlərini nəzərdən keçirir, ortaq nöqtələr axtarır və mədəniyyətlərarası dialoq qurmağa çalışırıq. Biz insanların qaçqın və məcburi köçkün olmasına gətirən təməl problemləri anlamalıyıq”.

Azərbaycanın Fransadakı səfiri cənab Elçin Əmirbəyov Ermənistan təcavüzünün dərəcəsini nümayiş etdirən Azərbaycan xəritəsi fonunda çıxış edib. Səfir deyib ki, Cənubi Qafqazda məcburi köçkün məsələsinin həll edilməsi həm Ermənistan, həm də Azərbaycanın marağındadır: “Bu, Sovet İttifaqının süqutu zamanı yaranan unudulmuş münaqişədir. Təmas xəttində hər həftə əsgərlər öldürülür. Ermənistan azərbaycanlı mülki əhaliyə qarşı etnik təmizləmə törədib.

Ermənilər tərəfindən törədilmiş Xocalı qırğını ilə II Dünya müharibəsi zamanı 1944-cü ildə nasistlər tərəfindən Oradour-sur-Glane əhalisinə qarşı törədilmiş qırğın arasında paralellər var. Erməni işğalı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində qınanıb. Biz ölkələr arasında yaxınlaşmaya nail olmalıyıq və bu, həllə doğru böyük bir addım olacaq. Lakin Ermənistan hökumətinin qeyri-konstruktiv yanaşması və ATƏT-in Minsk Qrupunun səmərəsizliyi buna təsirini göstərir.

Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin üzləşdiyi şəraiti yüngülləşdirmək üçün çox işlər görmüşdür lakin bütün rayonlar hələ də işğal altında qalmaqdadır. “Dördgünlük müharibə”nin təsiri bu məsələnin azərbaycanlı əhali üçün vacibliyini nümayiş etdirdi. 2016-cı ildə Ermənistan Azərbaycanı cavab verməyə təhrik etdi, lakin indi danışıqlar masası arxasına əyləşmək lazımdır. Azərbaycanın 60 rayonunda məcburi köçkün və qaçqınlar yaşayır və onlar evlərinə qayıtmalıdır. Bu, Azərbaycan üçün dözülməz vəziyyətdir. Ümid edirəm ki, Emmanuel Makronun rəhbərliyi altında yeni Fransa administrasiyası bu işğalın operativ şəkildə bitməsinə nail olmaq üçün Fransanın səylərini genişləndirəcək”. 

Daha sonra Tomas Goltzun rejissorluğu ilə çəkilmiş “Offside” adlı qısametrajlı film nümayiş etdirilib. Bu film “Qarabağ” futbol klubu haqqındadır. Bu komanda Ağdamda yerləşən doğma stadionu 1993-cü ildə Ermənistan qüvvələri tərəfindən zəbt edildiyi vaxtdan oyunlarını hər zaman evindən “kənarda” keçirir. Filmin nümayişindən sonra fransalı taekvondo ustası Paskal Gentil idmanın gücü haqqında danışıb. O, bu yaxınlarda qatıldığı tədbir – Parisdə qaçqınlar üçün keçirilmiş taekvondo müsabiqəsindən söz açıb və idmanda iştirakın həmrəylik hissinə necə təsir göstərə biləcəyini izah edib. Paskal Gentil həmçinin Azərbaycanın sülh və idman təşəbbüsündə iştirak potensialı barədə danışıb. Bu təşəbbüs Monako şahzadəsi II Albertin rəhbərliyi altında həyata keçirilir. Paskal Gentil isə özü bu təşkilatda “Sülh naminə çempion”dur.

Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun (İRİS) tədqiqatçısı Samuel Karkanaq bildirib ki, bu çıxılmaz vəziyyət 24 ildir davam edir və Ermənistan yola gəlmədiyinə görə beynəlxalq hüquq pozulur: ““Dördgünlük müharibə” azərbaycanlıların evlərinə qayıtmaq həvəsini nümayiş etdirdi, lakin məsələ sülh yolu ilə həll edilməlidir. Buna nail olmaq üçün tərəflər arasında yeni dialoqun qurulması zəruridir”. 

Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin vitse-prezidenti Fuad Hüseynov qeyd edib ki, bu məsələ Azərbaycan üçün bir nömrəli problemdir: “25 il ərzində Fransa ilə Azərbaycan arasında mükəmməl münasibətlər olub. Bu müddətdə bu məsələ davam edib. Hazırda əhalinin onda bir hissəsi köçkündür və bunun Azərbaycana böyük iqtisadi təsiri olub. Buna baxmayaraq Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqe tutmasına görə bu məsələ davam edir.

Dövlət Komitəsinin iki əsas vəzifəsi var: birincisi, sosial şəraiti yaxşılaşdırmaq, ikincisi isə münaqişənin həllindən sonra əhalinin öz torpaqlarına qayıtması strategiyasının yaradılması. Baxmayaraq ki, Avropa Birliyi hazırda miqrasiyadan əziyyət çəkir, Azərbaycanın probleminin xüsusi xarakteri hələ də geniş şəkildə anlaşılmır. Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün çox işlər görülüb və 250 000 insana evlər verilib, lakin 400 000 insan hələ də çox ağır şəraitdə yaşayır. “Böyük qayıdış proqramı”nın indiyədək yalnız bir elementi yerinə yetirilib – sakinlər “Dördgünlük müharibə” zamanı azad edilmiş Cocuq Mərcanlıya dönüb. Biz zəmanət veririk ki, münaqişə bitəndə həm erməni, həm də azərbaycanlı əhaliyə bərabər hüquqlar veriləcək”.

Azərbaycan Parlamentinin üzvü, vətəndaş cəmiyyəti təşkilatları vasitəsilə tərəflərin bir araya gətirilməsi məqsədi daşıyan yeni təşəbbüsün – Azərbaycan və Ermənistan arasında “Sülh naminə platforma”nın həmtəsisçisi Rövşən Rzayev bildirib ki, Dağlıq Qarabağın azərbaycanlı əhalisi erməni tərəfi ilə dialoqun qurulmasını dəstəkləyir və məsələnin sülh yolu ilə həllini istəyir: “Yeni dialoq olmalıdır, lakin Ermənistan tərəfi yoxdur. Ermənistan tərəfindən “Sülh naminə platforma”ya dair bir dəfə də olsa müsbət cavab alınmayıb. Bu zaman isə hər gün təmas xəttində gənclər öldürülür. Bizim məqsədimiz sülh mesajı göndərməkdir”.

ATƏT-in Minsk Qrupunun keçmiş fransalı həmsədri, səfir Bernard Fasye qeyd edib ki, ATƏT-in Minsk Qrupu 20 ildən artıqdır bu dialoqa başçılıq edir: “Danışıqları canlandırmaq üçün yeni qüvvə lazımdır. Madrid prinsipləri 2009-cu ildə müzakirəyə çıxarılmışdı. Bakı buna razılıq vermişdi, İrəvan isə yox. Ermənistan davamlı olaraq Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına çağırır, lakin bu, işğal edilmiş ərazidir. Biz ikinci müharibəyə yol verməməliyik. Beynəlxalq ictimaiyyət qeyri-müəyyən şəkildə status-kvonu qəbul etməməlidir. Prezidentlər arasında yeni kompromis havası və yeni danışıqlar mədəniyyəti olmalıdır”. 

Sual-cavab sessiyasında Fransanın Minsk Qrupu prosesindəki rolu, Ermənistan prezidenti Sarqsyanın Xocalı qırğınındakı rolu, Rusiya ilə Ermənistan arasındakı münasibətlər, Fransadakı erməni diasporunun aqressiyası və dialoqun stimullaşdırılmasında incəsənətin rolu da daxil olmaqla müxtəlif mövzulara toxunulub.

Növbəti səhifələr