Azərbaycan musiqisinin nəhəngi Cövdət Hacıyevin 100 illik yubileyi keçirildi və xatirəsi Vestminsterdə yad edildi

Press-reliz: Şəkidə anadan olan Cövdət Hacıyev (1917-2002) bütün sovet dövrünü əhatə edən uzun və fəal karyerası və 1990-cı ildə Bakıda sovet hakimiyyətinə qarşı üsyandan sonra mülki şəxslərin qətlə yetirildiyi Qara Yanvar qurbanlarına həsr edilmiş son işi ilə bir nəhəng kimi Azərbaycan klassik musiqisini ötüb keçmişdir.

Noyabrın 24-də dünyəviləşdirilmiş XVIII əsrə aid olan, barokko üslubunda inşa edilmiş St.John’s kilsəsinin “Smith Square” salonunda onun duyğulu və yaddaqalan musiqisi səsləndirilib. Konsert Cövdət Hacıyevin qızı Pərvin Muradova tərəfindən İngiltərə-Azərbaycan Cəmiyyətinin sponsorluğu və onların sponsorları olan “Rapid Solutions”, Azərbaycan evi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilmişdi. Tədbirdə 200 nəfərdən artıq azərbaycanlı, diplomatlar, musiqiçilər, klassik musiqi mütəxəssisləri və məşhurlar iştirak edib.

Cövdət Hacıyev Azərbaycan klassik musiqisinin atası Üzeyir Hacıbəyovun rəhbərliyi altında Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra isə Moskvada Dmitri Şostakoviçin rəhbərliyi altında təhsil alıb. Lakin yenə də Azərbaycan ənənəvi əsərləri, xüsusən muğam və aşıq musiqisi ona daha çox təsir göstərmişdi. O, Azərbaycan simfonik ənənəsinin inkişafında gördüyü işinə görə yaxşı tanınır. Dmitri Şostakoviç onun haqqında belə demişdi: “Cövdət Hacıyev simfonik dərinliyi və fəlsəfi məzmunu olan musiqi yazmaq qabiliyyətinə malik həqiqətən istedadlı bəstəkardır”.

Konsert aprel ayında “Carnegie Hall”da, iyul ayında isə Vyana şəhərində bəstəkarın həyat və yaradıcılığına həsr olunan, dünyanın bir çox gənc və istedadlı musiqiçilərinin çıxış etdiyi tədbirin ardınca keçirilib. Pərvin Muradova bu konsert haqda danışarkən deyib: “Bu axşam biz böyük Azərbaycan bəstəkarı Cövdət Hacıyevin yaradıcılığını qeyd edirik. O, ölkəsi üçün görkəmli bir mədəniyyət səfiri və inanılmaz dərəcədə humanist insan idi. O, öz həyatını gənc və istedadlı musiqiçilər yetişdirməyə həsr etmişdir. Bu London şəhərinin mənim qəlbimdə xüsusi yeri var. Belə ki, bu il 60 illik sükutdan sonra “EVC Music Publications” şirkətindən Yelena Kobb onun piano əsərlərini 100 illik yubiley buraxılışında dərc etdikdə burada onun musiqisi yenidən həyata qaytarılmışdır. Cövdət Hacıyev qədim İpək Yolu üzərində yerləşən, qədim Şərq və Qərb sivilizasiyalarının qaynayıb-qarışdığı Şəkidə anadan olub. Bu, bizim proqramda öz əksini tapır. Burada siz klassik Qərb musiqisi ilə əlaqələndirilmiş ənənəvi Azərbaycan musiqisini dinləyə, ənənəvi Azərbaycan və Qərb musiqi alətlərinin sintezini görə bilərsiniz. Bu axşam gözəl musiqi ilə doludur və burada dünyanın bir çox qabaqcıl, istedadlı, gənc musiqiçiləri və seçilmiş ifaçıları təqdim olunur”.

Daha sonra xanım Muradova onun musiqi təhsili və Autizm Fondunun işi barədə danışıb, Töhfə Eminovanın rəhbərliyi altında Mayamidə fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyəti Fondunun (www.azerbaijaniamerican.com) bu işi necə dəstəklədiyini qeyd edib.

Aleksandr Peskanovun bəstələdiyi, Cövdət Hacıyevə və onun 63 il birgə həyat sürdüyü sevimli həyat yoldaşı, Azərbaycan rəqqasəsi və xoreoqrafı Əminə Dilbazinin xatirəsinə həsr olunmuş “Azərbaycan rapsodiyası” əsərinin İngiltərə premyerası da proqrama daxil edilmişdi. Bu əsəri Amerika Muğam Cəmiyyətinin prezidenti Cefri Verbokun (tar və kamança) girişləri ilə 11-20 yaş arası bir sıra gənc pianoçular ifa etdi. Bundan sonra isə bu dəfə 9-11 yaşlı pianoçuların ifasında Peskanovun dördhissəli “Bahar konserti” ifa edildi.

Səsləndirilən digər əsərlər arasında bu yaxınlarda EVC kolleksiyasına daxil edilmiş çinli pianoçu Vivian Fang Liunun ifasında Hacıyevin həzin “Sonata”sı da var idi. Onun skripka və piano üçün yazdığı həyəcanlandıran “Skertso” əsəri Azərbaycan-Türkiyə skripkaçısı Elvin Hoxha-Gənciyev və İngiltərədə yaşayan Litva-Rusiya piano ifaçısı Yelena Makarova dueti tərəfindən ifa edildi.

Bütün iştirakçılar qara qalstuku ilə möhtəşəm görünən 9 yaşlı çinli pianoçu Haoven Ksiaonun ifasından təsirləndi. O, Hacıyevin musiqi eskizlərindən “Zarafat” və “Nağıl balladası”nı ifa etdi. Bundan sonra isə ABŞ-Azərbaycan pianoçusu və Northeast Florida Universitetinin professoru Kamilla Şahtaxtinskayanın ifasında Şostakoviçin təsiri ilə yazılmış “Ballada” səsləndirildi.

Axşamın ən təsirli hissələrindən ikisi kamera ansamblının müşayiəti ilə görkəmli Çin sopranosu Sabrina Özden tərəfindən onun Azərbaycan şairi Nizami Gəncəvinin “Ey gül” şerinə yazılmış əsərinin ifası oldu. O, həmçinin Cefri Verbok (kamança) və Yelena Makarova (piano) ilə birgə bəstəkarın Süleyman Rüstəmin sözlərinə yazılmış “Layla” əsərini ifa etdi.

Tədbirin sonunda bəstəkarın simli alətlər kvarteti üçün yazılmış zəngin teksturalı və kəskin “Poema” əsəri Azərbaycan-Türkiyə skripkaçısı Elvin Hoxha-Gənciyev, Nyu-Yorkdakı Culliard Musiqi Məktəbinin ilk azərbaycanlı məzunu, skripkaçı Səbinə Rakçeyeva, Uelsdə anadan olmuş skripkaçı Reyçel Birt və alban violonçel ifaçısı Hayredin Hoxha tərəfindən ifa edildi.

Bu, Londonda unudulmaz bir axşam idi və Cövdət Hacıyev kimi sülhsevər, humanist və böyük yaradıcı gücə malik insanın xatirəsinə həsr olunmuşdu.

Növbəti səhifələr