Azərbaycan ruhu Monenin vətənində

Press-reliz: Fransanın Normandiya bölgəsində hər il keçirilən “Musique de Chambre à Giverny” festivalının sayca 13-sünün “La Route de la Soie” (“Böyük İpək Yolu”) adlı əsas hissəsində Azərbaycan klassik musiqisi səslənib. Avqustun 17-27-də keçirilmiş bu festival 11 konsert və konfransdan ibarət idi. Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa nümayəndəliyi bu tədbiri dəstəkləyib.

Giverninin İmpressionizm Muzeyi və Vernonun Hökumət Evi də daxil olmaqla müxtəlif gözəl mənzərəli məkanlarda keçirilən festivalın “Böyük İpək Yolu” hissəsi Azərbaycan, Şərq və Şərqdən ilham almış Qərb bəstəkarlarının orijinal əsərlərindən təşkil olunmuşdu. Tədbirdə 70 yaşını qeyd edən Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin əsərləri də səsləndirilib. Son 10 ildə Azərbaycan Bəstəkarlar İttifaqına sədrlik etmiş Firəngiz xanım Bakı Konservatoriyasında görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin tələbəsi olub. Avqustun 18-də baş tutmuş “Sur les routes de la Soie” (“Böyük İpək Yolunda”) konsertini açılışı onun simli kvartet üçün yazdığı “Muğamsayağı” adlı əsərləri ilə olub.

Festivalın bədii direktoru, violonçel ifaçısı Mişel Strauss konsertdən əvvəl deyib: “Firəngiz Əlizadə öz ölkəsinin ənənəvi musiqisini klassik avanqard musiqisi ilə birləşdirib yeni musiqi dilini yaradan qeyri-adi bəstəkardır. Onun musiqisi bu gecənin ayrılmaz hissəsidir”.

Firəngi Əlizadənin dediklərindən: “Bu gecə səsləndirilmiş “Muğamsayağı” əsərim mənim üçün çox əhəmiyyətlidir. Bu əsər ilk dəfə Kronos kvarteti tərəfindən ifa olunub. Muğam üzərində qurulmuş bu sehirli musiqi poeziya ilə musiqinin incəsənət formalarının qarışığıdır”.

Bu əsər kürəkləri tamaşaçıya çevrilmiş musiqiçilər tərəfindən dramatik formada ifa edilib. Əsərdə tədricən güclənən qəmgin səda, lirik parça, rəqs musiqisi və qonq səsi eşidilib. İfanın sonunda ifaçılar üzlərini tamaşaçılara tərəf çevirib səhnəni sükut içində tərk ediblər.

Proqramdakı qeydlərə əsasən, “dahi Sergey Prokofyev kimi Firəngiz Əlizadə də öz irsini tanıtmağa çalışmır. Hər şey çox sadə baş verir: onun xalq yönümlü musiqisi və lirikası dinləyicini istiqamətləndirir”.

İfadan sonrakı bir anlıq heyranlıq sükutundan sonra minnətdar tamaşaçılar Firəngiz xanımı və ifaçıları ayaq üstə alqışlayıblar. Alqış sədaları altında “Əla!”, “İnanılmaz!” və “Siz mənə yeni musiqi dünyası bağışladınız!” səsləri eşidilirdi.

Proqramda Nikolay Rimski-Korsakovun “Scheherazade” adlı əsərinin simli kvartet tərəfindən premyerası da keçirilib. Bu ifa Rusiya imperiyasının Şərq vilayətlərindən (müasir Azərbaycanın torpaqları da daxil olmaqla) və müasir dövr Çin bəstəkarı Tan Dun-un “Eight Colurs” (“Səkkiz rəng”) adlı əsərindən ilham alıb. Bütün bunlar tədqiqatçı Marko Polonun “Book of Marvels” (“Möcüzələr kitabı”) əsərinin oxunuşuna bənzəyirdi.

“To the Heart of the 1001 Nights” əsərinin dinləyiciləri ertəsi gün Firəngiz xanımın müxtəlif Azərbaycan milli rəqsləri üzərində qurulmuş və Kronos kvarteti üçün yazılmış “Regs” (“Rəqs”) əsərini dinləyiblər.

Daha sonra məşhur Fikrət Əmirovun “Leyli və Məcnun” (1192) və “Yeddi gözəl” (1197) kimi əsərlərin müəllifi olan dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş simli kvartet üçün simfoniyası səslənib. Bu əsərə 1947-ci ildə yazılmış baletdən parçalar daxil edilmişdi.

Tədbirdə səslənən digər ifalar arasında Luciano Berlonun 1964-cü il “Folk songs” (“Xalq mahnıları”) toplusu da olub. Bu əsərə onun xatirələr oyadan soprano üçün “Azerbaijan Love Song” (“Azərbaycan məhəbbət nəğməsi”) və Moris Ravelin Mərkəzi və Şərqi Asiya, eləcə də müsəlman Şərqini təsvir edən “Sheherazade” nəğmələr toplusu daxildir.

Konsertdən əvvəl Böyük İpək Yolunda musiqi münasibətlərinə həsr olunmuş konfrans keçirilib. Konfransa Agathe Keller rəhbərlik edib.

“On the Shores of the Caspian” (“Xəzərin sahillərində”) adı altında gözoxşayan şəkildə bəzədilmiş İmpressionizm Muzeyində avqustun 20-də keçirilmiş konsertin mərkəzi elementi Firəngiz Əlizadənin violonçel, fleyta, iki skripka və alt üçün yazdığı “Creation” adlı əsərinin premyerası olub. Konsertdə ifa edilən digər əsərlər arasında Aleksandr Borodinin “In the Steppes of Central Asia” (“Mərkəzi Asiya çöllərində”) adlı musiqili poeması və onun məskən salmaq üçün Xəzər sahillərinə gəlmiş türk tayfasından bəhs edən “Prince İqor” (“Şahzadə İqor”) operasından “Polovtsian Dances” parçası da var idi. Konsertdə həmçinin sovet bəstəkarı Reynold Glierenin Azərbaycanın Sovet İttifaqına daxil olandan bir müddət sonra, yəni 1923-cü ildə yazdığı “Overture to Shakh-Senem” əsəri Qərb musiqiçiləri tərəfindən ifa olunub.

Bu festival özündə bir çox bəstəkarların əsərlərini, mövzularını və musiqi ənənələrini birləşdirən çox əlamətdar və yaddaqalan tədbir olub. Onun mərkəzində Firəngiz Əlizadə tərəfindən təqdim olunmuş Azərbaycan musiqisi dayanırdı.

Festivalın digər bir mövzusu bolşevik inqilabının 100 illiyindən ilhamlanan “İnqilabda musiqi” (“Music in Revolution”) idi.

Parisdən 80 kilometr məsafədə yerləşən Normandiyanın Giverni şəhəri incəsənəti sevən turistlərin tez-tez ziyarət etdikləri şəhərlərdən biridir. Əfsanəvi impressionist Klod Monenin (Claude Monetin) 1883-cü ildən ölümünədək (1926) yaşadığı ev burada yerləşir. Təbiət və mənzərələrin vurğunu olan bu tanınmış rəssam böyük botanik idi. Klod Monenin evi və bağçası onun dünyanın hər nöqtəsində rast gəlinən pərəstişkarlarını heyran etməkdədir. Kuzələrdən ilhamlanan bu rəssamın əsərləri müəyyən abstraktlığa malikdir.

Növbəti səhifələr