Azərbaycanlı məcburi köçkünlərin acınacaqlı vəziyyəti haqqında xatırlatmalar Brüsseldə təqdim edildi

Press-reliz: Bütün dünyada ev-eşiyindən məhrum edilmiş insanlar, münaqişə və müharibələrin qurbanları BMT-nin qaçqınların statusuna dair 1951-ci il Konvensiyasının qəbul edilməsinin 50-ci ildönümü münasibətilə yad edilir. Onlar BMT tərəfindən 2000-ci ildə Dünya Qaçqınlar Günü elan edilən 20 iyun tarixində xatırlanır. Suriya və Ukraynadakı kimi münaqişələr nəticəsində yaranan qaçqınlar ordusu və sonrakı avropayönümlü miqrasiya böhranı hazırda diqqət mərkəzindədir. Lakin məsələ ondadir ki, vacib xəbərlərin iyerarxiyası qurulduqda nəticədə uzunmüddətli faciələr diqqətsiz qalır, xüsusilə onlar vaxtında müvafiq şəkildə işıqlandırılmayıbsa.

Məsələn, bu münaqişələrdən biri 1988-1994-cü illərdə – Sovet İttifaqı süquta uğradığı zaman və ondan sonra qızışan Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişə nəticəsində Ermənistan Azərbaycan ərazilərinin təqribən 20 faizini qeyri-qanuni olaraq işğal edib və 1 milyona yaxın azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilib. Bu da əhalinin 10 faizinə bərabərdir və adambaşına düşən köçkün sayına görə dünyada ən yüksək göstəricilərdən biridir.

Azərbaycan hökuməti həddən artıq ağır şəraitdə yaşayan bu insanlarin həyati vacib ehtiyaclarını ödəmək və onları yenidən məskunlaşdırmaq məqsədilə çox iş görüb. Heç vaxt vətənini görməyən ikinci nəsil uşaqların təmiz su, sanitariya, adekvat qida və təhsil almaq imkanları artıq təmin edilib. Lakin onların hamısının böyük bir arzusu var – vətənlərinə geri qayıtmaq.

Bu humanitar böhran amerikalı fotoqraf Ed Kaşini öz obyektivini məcburi köçkün düşərgələrinə tərəf çevirməyə vadar edib. Onun işləri “Newsweek”, “The New York Times Magazine”, “Time” və “National Geographic” nəşrləri tərəfindən dərc edilib. Ed Kaşi bu böhranın tam miqyasını əhatə etməyin qeyri-mümkün olduğunu anlayaraq, Azərbaycanın qərbində yerləşən düşərgələrdə gündəlik həyatın sadəcə bir neçə epizoduna diqqət yetirməyi qərara alıb. Bura “Mançester Yunayted” komandasından pərəstiş etdikləri futbolçuların adlarını əks etdirən köynəklərdə futbol oynayan uşaqlar, sevdiklərini müharibədə itirmiş ata və qız yemək bişirərkən, Azərbaycanla Ermənistan tərəfindən işğal edilmiş ərazilər arasındakı təmas xəttində erməni snayperinin gülləsi ilə öldürülmüş övladının şəklini tutan ana var. Bütün bu şəkillər bizim hamımızın mədəniyyət və ya dinimizdən asılı olmayaraq paylaşdığımız insanlığı əks etdirir.

“Həll olunmamış xəyallar: Azərbaycanın qaçqın və məcburi köçkünləri” adlanan bu təsirli sərgi diplomatik kvartalın mərkəzində yerləşən və Avropa Parlamentinin kölgəsində olan “Brussels Europe” Mətbuat Klubunda avropayönümlü jurnalist auditoriyası qarşısında keçirilib. Sərgi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benilüks ofisi tərəfindən “VII Photo Agency” agentliyinin dəstəyi ilə təşkil edilib.

Fotoşəkillər və Culi Vinokur tərəfindən redaktə edilmiş görüntülər fonunda çıxış edən Ed Kaşi bunları deyib: “Mənim ailəm 1940-cı illərdə İraqdan qaçqın düşüb, belə ki, biz köçkünlük faciəsinin nə olduğunu bilirik. Təəssüf ki, qaçqın və məcburi köçkün məsələsi saysız-hesabsız ölkələrə təsir göstərir, lakin bu məsələlərin səbəbləri çox vaxt kifayət qədər işıqlandırılmır. Bu məhrumiyyətə düçar olmuş əhalı çox vaxt özünü itkin və ümidsiz hiss edir. Onların hamısı evlərinə qayıtmaq istəyir.

Bu fotoşəkilləri çəkməkdə niyyətim izləyicilərə vəziyyətə statistikadan kənar baxmaqda və bu məsələnin həll edilməli olduğunu anlamaqda yardım etməkdir. Şəkillərdə olan insanların çoxu yaşadıqları şəraitdən irəli gələn sağlamlıq problemlərindən əziyyət çəkir. Onlar Qarabağda zəngin olub və bu onların həyatına çox böyük zərbədir”.

TEAS-ın Benilüks ofisinin direktoru Mark Vervilghen deyib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ən son statistikasına əsasən, bütün dünyada qaçqın və məcburi köçkünlərin sayı ciddi şəkildə artmaqdadır və hazırda bu insanların sayı 66 milyon nəfər təşkil edir: “Bu problemə bizdən uzaq bir şey kimi yanaşa bilmərik. Hətta Belçika tarixində də biz hər iki dünya müharibəsi zamanı olan qaçqın fenomenini xatırlayırıq. Bu gün TEAS-ın Benilüks ofisi 1 milyona yaxın azərbaycanlının taleyini diqqətinizə çatdırır. Onlar Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz evlərindən və torpaqlarından qaçqın düşüblər.

BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, BMT Baş Assambleyasının qətnaməsi və Strasburqda yerləşən Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) və Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Ermənistanı qınayan qərarlar qəbul etməsinə baxmayaraq, 20 ildən artıqdır ki, heç nə dəyişməyib.

Ermənistan Dağlıq Qarabağa qarşı etdiyi hərəkətlərə görə üzərinə məsuliyyət götürməkdən hələ də imtina edir. Sabiq ədliyyə naziri olaraq mən qəbul edirəm ki, Azərbaycan beynəlxalq hüquq baxımından düzgün tərəfdədir. Azərbaycan AB-nin birbaşa qonşusudur və bu məsələnin həll olunmasında öz rolunu oynamalıdır”.

Azərbaycan Respublikasının Belçika, Lüksemburq və AB-dəki səfiri cənab Fuad İsgəndərov tədbirdəki çıxışında deyib: “Qaçqınlar bizim ətrafımızdadır, hətta Brüsselin küçələrində də və qaçqın məsələsi bizim hamımıza tanışdır. Bunlar müstəsna şəkillərdir. Mən Ed Kaşinin düşərgələrdə çəkdiyi bu insanların bir çoxunu diplomatik xidmətə başlamazdan əvvəl şəxsən tanıyırdım. Yadda saxlamalıyıq ki, bu azərbaycanlı məcburi köçkünlər Avropa sivilizasiyasının nümayəndələridir və onları məcburi köçkünlərə çevirən münaqişə 25 ildən çoxdur baş verib. Onların əksəriyyəti çox gənc ikən məcburi köçkünə çevrilib, lakin onlar hələ də evlərinə qayıtmaq istəyirlər. Bir millət olaraq azərbaycanlılar öz doğma torpaqlarına çox bağlıdırlar. Ümid edirəm ki, belə tədbirlər bu məsələlər barədə, bu münaqişənin və bu insanların acınacaqlı vəziyyətinin tez bir şəkildə aradan qaldırılmalı olduğuna dair anlayışı artıracaq”.

Avropa Siyasət Mərkəzinin (ASM) baş siyasi analitiki Amanda Paul qaçqınlar və məcburi köçkünlər mövzusunun çox kədərli və həssas mövzu olduğunu bildirib: “Azərbaycan adambaşına düşən ən çox məcburi köçkün sayına görə dünyada ikinci yerdədir. Mənim Azərbaycandan olan ikinci ailəm Kəlbəcərdəndir və onlar müharibə zamanı qaçmağa məcbur olub. Ailənin, bəlkə də heç vaxt geri qayida bilməyəcək ağbirçəyi daxil olmaqla onların fikri hər gün Kəlbəcərdədir.

Qurbanlar sizin və mənim kimi adi insanlardır. Məcburi köçkünlük müasir dövrümüzün böyük problemidir. Lakin Gürcüstan da daxil olmaqla Cənubi Qafqazda bunların sayı qeyri-mütənasib olaraq çoxdur. Mən sizə “Çıraqov və başqaları Ermənistana qarşı” işini xatırlatmaq istəyirəm. Burada AİHM Ermənistanı açıq şəkildə qınayır. Bundan əlavə, işğalçı ermənilər qəsdən evləri və infrastrukturu məhv ediblər. Bizə sülh prosesi üçün yeni format lazımdır və buna doğru ciddi addımlar atmalıyıq. Bu iş işğal edilmiş ərazilərin bəzilərinin geri qaytarılması ilə başlamalıdır”.

Təqdimat canlı və məlumatlandırıcı sual-cavab sessiyası ilə yekunlaşıb. Burada assimilyasiyanın heç vaxt vətənlərini görməmiş məcburi köçkün uşaqlarına təsiri, münaqişənin diplomatik yolla həlli üçün yeni strategiyalar, Ed Kaşinin jurnalist olaraq sərgidə məcburi köçkün uşaqlar və gənclərə diqqət yetirməsinin səbəbləri kimi məsələlər əhatə olunub.

Növbəti səhifələr