“Azərbaycan obyektivdə” Berlin auditoriyasını valeh edir

Pres-Reliz: Aprelin 4-də 200-dən çox diplomat, məşhur şəxslər və Berlin ictimaiyyətinin üzvləri şəhərin mərkəzi rayonu Berlin-Mittedə yerləşən “Epicentro Art” qalereyasına axın edib. Avropa Azərbaycan Cəmiyyəti (AAC) tərəfindən təşkil edilən “Azərbaycan obyektivdə” sərgisinin bu buraxılışında müasir Azərbaycan insanı, mədəniyyəti, təbiəti və arxitekturası haqqında 55 fotoşəkil nümayiş olunub.

Tədbirdə Azərbaycanın Almaniyadakı səfiri, cənab Pərviz Şahbazov və AAC-nin direktoru Lionel Zetter də iştirak ediblər.

İlkin olaraq 2012-ci ilin noyabrında Londonda, daha sonra 2013-cü ilin martında Parisdə fərqli formatda təqdim olunan sərgidəki əsərlər AAC-nin təşkil etdiyi müsabiqəyə bütün dünyadan və azərbaycanlı fotoqraflardan daxil olan 750 əsər arasından seçilib. Sərgi Xəzərin sahilində yerləşən bu məftunedici ölkənin mahiyyətini çatdırmağa nail olub. Sərgiyə gələn bütün iştirakçılar ölkənin mənzərələrinə və şəkillərin keyfiyyətinə valeh olublar.

AAC-nin Almaniya ofisinin rəhbəri Şahin Namati-Nasab sərgi haqda bunları deyib: “5 ilə yaxındır ki, AAC Avropada Azərbaycanın qərbyönlü mövqeyini nümayiş etdirən tədbirlər təşkil edir. 3 il əvvəl AAC Berlində öz ofisini açandan sonra bu tədbirlər Almaniyanı da əhatə etməyə başladı. “Azərbaycan obyektivdə” sərgisi ölkənin təbiəti, incəsənəti və tarixi başda olmaqla xalqın müxtəlif cəhətlərini göstərmək üçün təşkil olunub. Ümid edirəm ki, bu fotolar hamınızın marağına səbəb olacaq və ölkə haqqında daha çox məlumat almağa, hətta oraya səyahət etməyə qərar verəcəksiniz”.

“Epicentro Art” qalereyasının sahibi Mark Fiedler deyib: “Bu möhtəşəm sərgi Berlin-Mittedə yerləşən yeni “Epicentro Art” mərkəzində keçirilir. Bura Berlinin incəsənət səhnəsinin mərkəzi və şəhərdə incəsənətin formalaşdığı yerdir. Mən çox şadam ki, bu möhtəşəm şəkillərin nümayişi üçün məhz mənim qalereyam seçilib”.

Müsabiqənin münsiflər heyətinin üzvləri Birləşmiş Krallıqdan olan tanınmış fotoqrafı Henry Dallal və “Condé Nast Traveller” jurnalının foto direktoru Karolin Metkalf idi. 1985-ci ildə Kəlbəcər rayonunda (hazırda Ermənistan tərəfindən işğal olunub) çəkilmiş “Ağsaqqallar” şəkli ilə Asim Talıb müsabiqənin qalibi seçilib.

İkinci mükafata Bibiheybət məscidinin tavanının heyrətamiz təqdimatı ilə Etibar Cəfərov layiq görülüb. İlkin olaraq XIII əsrdə tikilən və 1840-cı illərdə Aleksandr Dümanın ziyarət etdiyi məscid 1936-cı ildə bolşeviklər tərəfindən dağıdılmışdı. Azərbaycan müstəqilliyini yenidən əldə edəndən sonra məscid bərpa edilib və 1997-ci ildə yenidən açılıb.

Üçüncü yerə layiq görülüb mükafat alan “Alovlar” və “İynə” adlı fotoşəkil isə Fuad Babayev tərəfindən çəkilib. Bu şəklin obyektivində Bakının yeni simvolu olan “Alov qüllələri” və televiziya qülləsi yer alır. İstedadlı həvəskar fotoqraf Fuad Babayev sosial medianın diqqətini cəlb edib. Hazırda onun Google-də 10 min nəfərdən çox izləyicisi var.

Sərgidəki şəkillərdən seçmələrə www.teas.eu/azerbaijan-through-the-lens saytından baxa bilərsiniz. Sərgi 2013-cü il ərzində AAC-nin ofislərinin yerləşdiyi bütün əsas Avropa şəhərlərində nümayiş olunacaq və iyunun 24-də Brüsseldə təqdim ediləcək.

5-13 aprel, 2013-cü il
“Azərbaycan obyektivdə”

Epicentro Art, Joachimstrasse 5, Gipspark 10119, Berlin-Mitte
İş vaxtı: çərşənbə axşamı-şənbə, saat 12:00-18:00. Giriş pulsuzdur.

Növbəti səhifələr