Brüsseldə Avropa Parlamentində “Əli və Nino” filminin Avropa premyerası zamanı tamaşaçılar göz yaşlarına hakim ola bilmədi

Press-reliz: Martın 8-də Brüsseldə – Avropa Parlamentində keçirilən emosional “Əli və Nino” filminin Avropa premyerası zamanı bir çox tamaşaçılar göz yaşlarına hakim ola bilməyib.

Filmin nümayişini Avropa Parlamentinin üzvü Norika Nikolai keçirib. Tədbirdə onunla birlikdə Avropa Parlamentinin digər üç üzvü – Heidi Hautala, Ramona Nikole Manesku və Tomas Zdeçovski də iştirak edib. Nümayiş Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benilüks ofisi tərəfindən Azərbaycanın Belçika, Lüksemburq və Avropa Birliyindəki (AB) səfirliyi və Gürcüstanın Belçika, Lüksemburq və AB-dəki səfirliyi və ALDE Qrup təşkilatı ilə birlikdə təşkil edilmişdi.

175 iştirakçı arasında Gürcüstan Respublikasının Belçikadakı səfiri xanım Natali Sabanadze, Azərbaycan Respublikasının Belçika, Lüksemburq və AB-dəki səfiri cənab Fuad İsgəndərov, Azərbaycanın NATO-dakı missiyasının rəhbəri cənab Xəzər İbrahim, Ukraynanın Belçikadakı səfiri cənab Mikola Toçitski, azərbaycanlı deputat, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin rəhbəri və AB-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev və digər azərbaycanlı deputatlar – Fuad Muradov, Kamran Bayramov və Rövşən Rzayev də iştirak ediblər.

Düz 80 il bundan əvvəl Almaniyada müəmmalı Qurban Səid tərəfindən yazılmış “Əli və Nino” hekayəsi özündə 70 illik sovet hökmranlığından əvvəlki 1918-20-ci illərdə Azərbaycan Demokratik Respublikası (ADR) dövründə Bakının dinlərarası, multikultural və tolerant ruhunu ehtiva edir. Azərbaycanlı müsəlman zadəgan gənc Əli ilə gürcü xristian şahzadəsi Nino arasında romantik münasibətlərdən bəhs edən bu hekayədə hadisələr əsasən İçərişəhərdə baş verir, lakin hadisələr həmçinin Dağıstan, Gəncə, Tiflis, Tehran və hazırda Ermənistanın qeyri-qanuni işğalı altında olan Dağlıq Qarabağda yerləşən Azərbaycanın mədəniyyət mərkəzi Şuşada cərəyan edir. Bu hekayə ilk dəfə Qərb demokratiya prinsipləri üzərində qurulmuş ADR-in yaradılması faktını qabardır. O zamanlar xristianlar və müsəlmanlar Bakıda birgə xoşbəxt yaşayırdılar.

Filmin nümayişinin Beynəlxalq Qadınlar Günündə keçirilməsi təsadüfi deyildi, belə ki, burada güclü qadın obrazı (Nino) təqdim olunur və ADR tərəfindən 18 yaşına çatmış bütün qadınlara səsvermə hüququnun verildiyi göstərilir (bu, Böyük Britaniya, ABŞ və Fransadan daha öncə tətbiq olunub). Burada həmçinin Avropa modeli əsasında Bakı Dövlət Universitetinin yaradılması və dünya səhnəsində digər beynəlxalq dərəcəli təmsilçiliklər arasında Azərbaycanın Paris Sülh Konfransında iştirakı da göstərilir.

2016-cı ildə bu əfsanəvi hekayə üzərində çəkilmiş film işıq üzü görüb. Filmin rejissoru beynəlxalq mükafatlar sahibi, britaniyalı rejissor Asif Kapadia (bəlkə də ən çox avtomobil yarışlarının pilotu Ayrton Senna və müğənni Emi Vaynhaus haqqında çəkdiyi sənədli filmlərə görə məşhurdur) onu Oskar mükafatçısı olan ssenari müəllifi Kristofer Hamptonla birgə çəkib. Filmin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

TEAS-ın Benilüks ofisinin rəhbəri Mark Vervilghen tədbirdə çıxış edərək bildirib: “Bu, AB-Azərbaycan münasibətləri üçün çox vacib məqamdır. Azərbaycan prezidenti İlham Əliyevin bu yaxınlarda Brüsselə səfəri ölkənin sadiqliyini və Avropa ilə əlaqələrini genişləndirmək istəyini nümayiş etdirdi. “Əli və Nino” filmi Cənubi Qafqaz regionunda olan qeyri-adi həyatı nümayiş etdirir. Təəssüf ki, qonşularla birgə yaşayış heç də hər zaman biz istədiyimiz kimi hamar və asan olmur. Bu, Azərbaycan və Ermənistanın misalında aydın olur. Bu iki ölkə Avropa Birliyi Şərqi Tərəfdaşlığının üzvüdür və onlar arasında Azərbaycanın regionu olan Dağlıq Qarabağla bağlı 25 ildir həll olunmayan münaqişə var. Azərbaycan digər ölkələrə etnik azlıqlar və gender bərabərliyinə açıq olan bir ölkə modeli kimi görünür. Burada müxtəlif millətlər və dinlərə mənsub insanlar yaşayır. Lakin “Əli və Nino” filminin bizə göstərdiyi kimi, ümid üçün hədd, tale üçün sərhəd və sevgi üçün məhdudiyyət yoxdur”.

Avropa Parlamentinin üzvü Norika Nikolai çıxış edərək nildirib ki, bu film yalnız sevgi hekayəsi deyil: “Bu hekayə sivil bir ölkə və onu özünə tabe etmək istəyən ölkələr arasında münaqişə haqdadır. Təəssüf ki, bu cür münaqişələr hələ də davam edir. Beynəlxalq Qadınlar Günündə bu film bir dərs ola bilər. Bu dərs sadəcə sevgi ilə bağlı deyil. Bu, çətinliklərə dözmək haqda bir hekayədir. Mən istəyirəm ki, diqqəti həyatda vacib olan şeylərə cəlb edən bu film sizin hamınızın qəlbinizdə qalsın”.

Gürcüstan Respublikasının Belçika, Lüksemburq və AB-dəki səfiri xanım Natali Sabanadze deyib ki, biz martın 8-də bütün dünyada, o cümlədən Cənubi Qafqazda zülm və faciələrə məruz qalmış insanları xatırlayırıq: ““Əli və Nino” əsəri müəllifin ölümündən sonra, surəti Vyanada ikinci əl kitab mağazasında tapılanda üzə çıxıb. Bu hekayə hələ də çox müasirdir və çoxillik məsələlərlə bağlıdır. O, bir çox bugünkü hadisələrlə rezonans yaradır, belə ki, biz burada siyasi düzənin dağılmasını görürük. Biz fərqli dünya qüvvələri arasında baş verən məsələləri, mədəniyyətlərin və sivilizasiyaların toqquşmasını görürük. Biz həmçinin şəxsiyyətlərin gücünü və fərdi seçimi görürük. Bu müəmmalı müəlliflə bağlı sualların olmasına baxmayaraq, kitab çox güclüdür və bizə sənətin sarsılmaz olduğunu göstərir. O, bizə göstərir ki, toqquşmalar qaçılmazdır və onların həlli heç vaxt asan olmur”.

Azərbaycan Respublikasının Belçika, Lüksemburq və AB-dəki səfiri cənab Fuad İsgəndərov çıxışında bildirib ki, bugünkü kimi bu cür tədbirlərdə Azərbaycan və Gürcüstan səfirliklərinin əməkdaşlıq etdiyini görmək çox xoşdur: “Bu, sevgi haqqında gözəl bir hekayədir. Anlamaq vacibdir ki, Azərbaycan və Gürcüstan xalqlarını bir araya gətirən sevgidir. Filmdəki hadisələr bir əsr bundan əvvəlki zamanda baş verir. Bizim indiyə qədər yaxın strateji tərəfdaş olmağımız mühümdür və ölkələr bizim müstəqilliyimizi tanıdıqda biz əməkdaşlıq üçün növbəti təkliflərə açıqıq. Təbii ki, film sivilizasiyaların toqquşmasından bəhs edir, lakin həmçinin sevgidən danışır. Bu film azərbaycanlı şiə müsəlmanı olan Əlinin pravoslav gürcü şahzadəsi Ninoya olan sevgisindən bəhs edir. Əli vətənini sovet işğalından qorumaq üçün ölkədə qalır ki, bizim müstəqilliyimiz bərpa olunmalıdır”.

Tədbir ziyafətlə yekunlaşıb. İştirakçıların Azərbaycan və Gürcüstan şərabından və konyakından dadmaq imkanı olub.

Növbəti səhifələr