Caz ifaçısı İsfar Sarabski Reimsi heyran edir

Press-reliz: “Jazzus Productions” tərəfindən Fransanın Reims şəhərində keçirilən “The Sunnyside Jazz Festival” caz festivalı sürətlə inkişaf etməkdədir. Sayca üçüncü olan bu festivala dünya üzrə məşhur caz musiqiçiləri toplaşır. “İctimaiyyəti musiqinin müxtəlif üslubları ilə tanış etmək” və “cazın canlı musiqi olduğunu sübut etmək” məqsədilə təşkil olunmuş bu festival cazın müxtəlif üslubları arasındakı sərhədləri açmağa cəhd edir.

Bunu noyabrın 5-də, iki aparıcı musiqiçinin 450 caz pərəstişkarı qarşısındakı ifası zamanı aydın hiss etmək olurdu. Onlardan biri 2009-cu ildə keçirilmiş “Montreux Jazz Festival”da “Solo Piano Prize” mükafatının qalibi olmuş azərbaycanlı bəstəkar, pianoçu İsfar Sarabski idi. Onun çıxışı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Paris nümayəndəliyinin dəstəyi ilə mümkün olmuşdur. O, öz vətəninin muğamını caz, fank və klassik musiqi ilə asanlıqla birləşdirir.

28 yaşlı İsfar öz solosunu qaranlıq səhnədə arxasını tamaşaçılara çevirmiş şəkildə ifa etdi. O, ifa etdiyi hər əsərin adını ingilis dilində təqdim edirdi. “Jazzus Productions” şirkətinin direktorlarından biri və “The Sunniyside Jazz Festival” caz festivalının həmtəsisçisi deyib: “Avropa Azərbaycan Cəmiyyəti sayəsində ardıcıl üç ildir beynəlxalq standartlara uyğun yeni Azərbaycan ifaçısını kəşf edirik”.

İsfarın işləri ilə tanış olanlar bu ifanı son illər onun qaranlıq klublardakı çıxışlarından kənaraçıxma kimi qəbul edə bilərdi. Tamaşaçılara onun ifasında caz və klassik musiqi parçalarının sintezi təqdim olundu. O, öz ifasını caz-muğamın atası olan Vaqif Mustafazadənin “Marş”ı ilə başladı. Vaqif Mustafazadə hazırda erməni işğalı altında olan Dağlıq Qarabağda yaranmış muğamı 1960-1970-ci illərdə cazla birləşdirib. Bütün tamaşaçılar İsfarın xoş və sürətli ifasına heyran oldular.

Sonra İsfarın ən populyar əsəri olan “G-Man” səsləndi. Bu əsərin əvvəli melodik, sonrası isə frank üslubunda akkordlarla zəngin idi. Daha sonra İsfar “Blame It On My Youth” caz balladasını ifa etdi. Bu əsər İsfarın yaradıcılığına çox təsir etmiş pianoçu Keyt Carrett tərifindən yazılıb. İfa olunmuş sonuncu əsər İsfarın üç həftə əvvəl bəstələdiyi “Planet” oldu.

İsfar öz müsahibəsində deyib: “Azərbaycan cazı sürətlə inkişaf edir. Ölkəmizdə keçirilən festivallar, yarışmalar və dünya şöhrətli caz ifaçılarının konsertləri buna sübutdur. Cazın bizim mədəniyyətimizdə həmişə xüsusi yeri olub. Bir vaxtlar Azərbaycana Sovet İttifaqının caz paytaxtı deyirdilər. Mən studiyada iş üzərində uzun günlər keçirirəm. Yenilik tapmaq üçün adətən müxtəlif üslublarda ifa edirəm. Əgər sənin istedadın varsa, öz bacarıqlarını yaxşılaşdırmaq və yaxşıların yaxşısı olmaq üçün çalışmalısan”.

İsfar indiyədək dünyanın bir çox məşhur konsert salonlarında ifa edib. Onlar arasında Londondakı “Royal Albert Hall” və “Ronnie Scott's Jazz Club”, Berlindəki “Asphalt Jazz Club”, Parisdəki “Le Duc des Lombards” da var. O, həmçinin “Jazz Foundation of America” şirkətinin təşkilatçılığı ilə Nyu-Yorkun əfsanəvi “Apollo” teatrında keçirilmiş “A Great Night in Harlem” xeyriyyə gecəsində iştirak edib. Bu yaxınlarda o, tunisli caz ifaçısı Dhafer Yousseflə Avropa ölkələrinə qastrol səfərində olub. İsfar israilli müğənni və bəstəkar Avişai Kohenin konsertində pianoçu Omni Mora və nağaraçı Noam Davidlə birgə ifa edib. Həmin konsertdə İsfar ərəb-Əndəlus və latın musiqisini, eləcə də bir çox digər üslublarda ifa edib.

Reimsdəki bu yaddaqalan gecədə caz ruhunun inkişaf etdiyi isbat olundu.

Növbəti səhifələr