Dinc etiraz aksiyası erməniləri qəzəbləndirir

Press-reliz: Londonun səs-küylü küçələrinin birində musiqiçinin cəld barmaqlarının toxunuşu ilə ifa edilən skripkanın səsi insan fəryadına bənzəyirdi. Yağış və tutqun səma bu kədərli hadisəyə layiqli arxa fon idi.

Matəm içində olduğunu bildirmək üçün qaraya bürünmüş musiqiçi Qubadlının işğal günündə doğma vətəni Azərbaycanın kədərli musiqisini ifa etdi. Qubadlı bölgəsi Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ və ətrafındakı 7 bölgənin işğalı zamanı – 24 il əvvəl avqustun 31-də işğal edilmişdir.

London küçələrində şəxsi mövqeyin dinc nümayişi Böyük Britaniya qanunlarına uyğun olsa da, Ermənistan səfirliyinin bir erməni diplomatı musiqiçinin bu hərəkətinə səsli-küylü etiraz edib. Bu diplomat hətta musiqiçinin əlindən skripkanı almağa belə cəhd göstərib. Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) London nümayəndəliyinin rəhbəri Cek Peqoraro işğal günü barəsində məlumat verdikdən sonra erməni diplomatı Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi məsələsi ətrafında mübahisə etməyə başlayıb və polis çağırıb. Hadisə yerinə gələn polis nəfəri deyib: “Bura Böyük Britaniyadır. Burada hər kəsin öz dinc etirazını nümayiş etdirmək hüququ var”.

Gözəl dağlar, eləcə də zəngin flora və fauna ilə yaddaşlara həkk olmuş Qubadlının işğalı zamanı 238 azərbaycanlı qətlə yetirilmişdi. İşğaldan sonrakı 5 il ərzində isə 148 nəfər işğal zamanı aldığı xəsarətlərdən ölüb.

İşğal zamanı Həkəri çayında üzərək ermənilərdən uzaqlaşmağa çalışan çoxlu azərbaycanlı öldürülmüşdü. Onların qaçması üçün dəhliz yox idi. Bu hadisə ondan bir il əvvəl baş vermiş və bir gecədə 613 dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi ilə nəticələnən Xocalı qətliamına bənzəyir.

Bu işğal 31364 Qubadlı sakininin öz yurd-yuvasından didərgin düşməsinə səbəb oldu. Təxminən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlər ordusuna qovuşan bu insanlar Azərbaycan ərazisində səpələnmiş çadır şəhərciklərində yaşamağa məcburdur. İşğal nəticəsində 7000-ə yaxın fərdi yaşayış evi, çoxlu abidələr və IV-V əsrlərə aid edilən günbəzlər dağıdılmışdır. Ermənilərin bu siyasəti azərbaycanlıların öz yurdlarından birdəfəlik didərgin salınmasına və geriyə qayıtmaq imkanlarının əllərindən alınmasına xidmət edir.

1993-cü il oktyabrın 14-də BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Qubadlı ilə bərabər Füzuli və Cəbrayıl bölgələrindən dərhal çıxarılmasını tələb edən 874 saylı qətnamə qəbul etdi. Bu, BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi dörd qətnamədən biridir. Qəbul edildikləri tarixdən 20 ildən artıq bir müddət keçməsinə baxmayaraq, bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib.

Cek Peqoraronun dediklərindən: “Bugünkü etiraz Azərbaycanın Qubadlı bölgəsinin işğalının 24 illiyi ilə bağlıdır. Qara paltar geyinmiş üzü bağlı bir xanımın “Bayatı-Şiraz” və “Sarı gəlin” musiqilərini ifa etməsi qətlə yetirilmiş və ya öz yurd-yuvalarından didərgin salınmış azərbaycanlılara həsr edilir. Səfirliyin qarşısına yığışaraq ermənilərin yadına salmaq istəyirik ki, Azərbaycan bunları Dağlıq Qarabağ və ətraf ərazilər Azərbaycana qaytarılanadək unutmayacaq”.

Şair Şarl Bodler yazmışdır: “Skripka əzab çəkən ürək kimi titrəyir”. Ermənistan səfirliyi qarşısında skripka səsləndikcə tamaşaçılar və dinləyicilər Qubadlı faciəsini, həyatlarını itirmiş və evlərini bir daha görməmiş kişi, qadın və uşaqları xatırlayırdı.

Növbəti səhifələr