Dondurulmayan, heç vaxt unudulmayan: azərbaycanlı məcburi köçkünlərin acınacaqlı vəziyyəti Brüsseldə müzakirə olundu

Press-reliz: Son 4 il ərzində dünya turuna çıxan “Evə aparan beş yol” (Five Roads Back Home) adlı görkəmli sərgi fevralın 22-də, nəhayət ki, AB-nin paytaxtı olan Brüssel şəhərinə gəldi. Bu sərgidə məşhur alman fotoqrafı Filip Ratmerin işləri sərgilənir.

Brüsseldə artıq 30 ildir ki, aparıcı incəsənət məkanı olan və gözəl “Grand Palace” sarayının yaxınlığında yerləşən müasir üslublu “Art Thema” qalereyasında nümayiş etdirilmiş şəkillərdə təqribən 1 milyona yaxın azərbaycanlı məcburi köçkünlərin bəziləri göstərilib. Onlar Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin qurbanı olmaqda davam edirlər. Köçkünlərin siması bu təsirli və emosional şəkillərdə qara fonda, yaxından göstərilir.

Keçirilən sərginin məqsədi həmçinin Xocalı qırğınının 25-ci ildönümünü anmaq olub. Bu hadisə 1992-ci il, fevralın 26-da baş verib və 613 nəfər azərbaycanlı mülki vətəndaşın həyatına son qoyub. Bu da həll olunmamış münaqişənin ən dəhşətli vəhşiliyidir.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benilüks ofisinin direktoru Mark Vervilghen tədbirdə çıxış edib. O, deyib: “Mən beynəlxalq cinayət hüququ üzrə ixtisaslaşan bir hüquqşünasdan məsləhət istədim. O da bildirdi ki, bu hadisələri törədənlərə qarşı məhkəmə işi uğurlu ola bilər, hətta Haaqa Beynəlxalq Cinayət Məhkəməsi qarşısında belə... Qaçqın və məcburi köçkünlər hələ də ölkənin müxtəlif yerlərində yerləşən düşərgələrdə yaşayır. 9,7 milyon nəfər əhalisi olan xalq üçün bu rəqəm dünyada adambaşına hesablanan ən yüksək dərəcələrdən biridir. Bu insanların səsi yoxdur, onlar Dağlıq Qarabağ və 7 ətraf rayonun Ermənistan silahlı qüvvələri tərəfindən, – BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və ATƏT-in Minsk Qrupunun 22 il ərzində apardığı danışıqlara məhəl qoymadan, – qeyri-qanuni işğal olunduğuna görə öz evlərinə və torpaqlarına geri qayıda bilmirlər. Bütün bunlara baxmayaraq, hələ də irəliləyiş yoxdur!”

Cənab Ratmer öz metodologiyasını belə izah edib: “Dağlıq Qarabağ dünyanın unudulmuş münaqişələrindən biridir. Ermənistanla Azərbaycan arasındakı münaqişə 1992-ci ildə minlərlə insanın həyatına son qoymuş müharibəyə çevrildi. Hazırda artıq 25 ildir ki, bu münaqişə bitmir. Atəşkəs çox kövrək bir sülhü qoruyur. Bu məcburi köçkünlər bu günün nəticələrindən əziyyət çəkirlər. 2012-ci ildə mən bu həll olunmamış münaqişənin bəzi adi qurbanlarını onların yaşadığı düşərgələrdə ziyarət etmişəm. Bu insanlar mənə öz taleləri, ümidləri və qorxuları haqqında danışıb – bəziləri çox həvəslə, bəziləri isə müəyyən təmkinlə.

Bu şəkillər münaqişənin bir tərəfini göstərir – qaçmağa və evlərini tərk etməyə məcbur olan tərəfi. Onlar dünyanın bir çox müharibələrində məcburi köçkün olmuş bütün insanları təmsil edirlər. Onların hamısının bir istəyi var. Onlar işğal edilmiş rayonlara aparan beş yoldan birini seçmək istəyirlər – evə aparan beş yoldan birini”.

Azərbaycan Respublikasının AB, Belçika və Lüksemburqdakı səfiri cənab Fuad İsgəndərov tədbirdə çıxış edərək bildirib ki, bu gün Xocalı faciəsinin 25-ci ildönümü anılır: “Bu faciə bütün azərbaycanlılar üçün çox şeyi dəyişdi. Təəssüflə yenidən qeyd etməliyəm ki, bu hadisəni törədənlər məlumdur, lakin onlar hələ də cəzalandırılmayıb. Biz inanırıq ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkündür, lakin Ermənistan tərəfi bu prosesdə aşkar şəkildə iştirak etmir.

Mən çox şadam ki, TEAS-ın Benilüks ofisi bu unikal sərgini Avropanın mərkəzində – Brüsseldə təşkil edir. Burada bütün avropalılar 25 il əvvəl Azərbaycanın Xocalı şəhərində nə baş verdiyini öyrənməlidir. Mən həmçinin ümid edirəm ki, Dağlıq Qarabağdan olan bütün azərbaycanlı qaçqın və məcburi köçkünlər fotoqraf Filip Ratmerin öz işində göstərdiyi beş yoldan birini seçərək tezliklə evlərinə qayıdacaqlar”.

Tədbir pianoçu, bəstəkar və müğənni Nəzrin Əfəndiyevanın həzin ifası ilə yekunlaşıb. Nəzrin Əfəndiyeva Azərbaycanın görkəmli bəstəkarlarından biri olan və çox vaxt işğal olunmuş Qarabağ regionundan muğam miktrotonlarını klassik Qərb musiqisi ilə birləşdirən Fikrət Əmirovun nəvəsidir. Nəzrin xanım həmçinin Dağlıq Qarabağın mədəniyyət mərkəzi olan Şuşadan xanəndə və tarzən, 1915-ci ildə “Seyfəlmülk” operasını bəstələyən Məşədi Cəmil Əmirovun nəticəsidir.

 

23-28 fevral, 2017

11:00-18:30

“Evə aparan beş yol”

“Art Thema” qalereyası

51 Rue de la Madeleine

1000 Brüssel

Belçika

Növbəti səhifələr