Maastrixtdə Hollandiya-Azərbaycan iqtisadi münasibətləri təsdiqlənib

Press-reliz: Aprelin 23-də məşhur Maastrixt Menecment Məktəbində (MMM) Limburq əyaləti, Avropa Azərbaycan Cəmiyyəti (AAC), AZPROMO və Ticari Yardım üzrə Niderland Konsulluğunun birgə təşkilatçılığı ilə keçirilən Niderland-Azərbaycan Biznes Forumunda Hollandiya-Azərbaycan münasibətlərinin gücü öz təsdiqini bir daha tapıb.

Tədbirdə təxminən 250 nümayəndə iştirak edib ki, onların 50-dən çoxu Azərbaycan iqtisadiyyatının bütün sektorlarını təmsil edən biznes liderləri olub.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tədbirdə çıxış edərək deyib: “Azərbaycan öz iqtisadiyyatını və hal-hazırda ümumi daxili məhsulun 32 faizini təşkil edən qeyri-neft sektorunu inkişaf etdirmək üçün çalışır. “Royal Dutch Shell” hal-hazırda tikilməkdə olan 45 milyard dollarlıq, dünyanın ən geniş boru layihəsi Cənub Enerji Dəhlizi layihəsinə öz töhfəsini verir. Ümumiyyətlə, Azərbaycanda 125 holland şirkəti aktiv fəaliyyət göstərir. Hollandiya özünü ölkəmizin əsas partnyorlarından biri kimi təsdiq edib. Gələcək əməkdaşlıq üçün hələ çox sahələr var”.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (DNF) icraçı direktoru Şahmar Mövsümov deyib: “Milli sərvətlər həm xeyir, həm də şər gətirə bilər. Azərbaycan hal-hazırda ikinci neft bumunu yaşayır. DNF təxminən 40 milyard dollar gəlir əldə edib və bütün sahələr üzrə qlobal investora çevrilib”.

Hollandiyalı senator, MMM-də sədr və Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) 2005-2008-ci illər üzrə keçmiş prezidenti Rene van der Linden tədbirdəki çıxışında bunları bildirib: “Bu forum keçən ilin aprel ayında Bakıda keçirilən uğurlu ticarət missiyasının davamıdır. 25 il qabaq müstəqilliyini əldə etmiş Azərbaycan artıq sabit və sürətlə inkişaf edən, Avropa və Asiyanın körpüsü olan bir ölkəyə çevrilib. Azərbaycan böyük imkanlar təklif edir”.

Hollandiyanın iqtisadi işlər üzrə naziri H.E.Henk Kamp isə bunları söyləyib: “Aramızda coğrafi baxımdan böyük məsafə olsa da ölkələrimizin ortaq çox şeyi var. Hər iki ölkənin güclü kənd təsərrüfatı sənayesi və enerji sənayesi var ki, bu da hər iki ölkənin iqtisadiyyatına mühüm təsir göstərir. Azərbaycan öz iqtisadiyyatının və kəndlərin inkişafını stimullaşdırmaq üçün çalışır. Hollandiya da böyük artım potensialı ilə müxtəlif sahələrə investisiya qoymaqla maliyyə böhranından sonra özünü bərpa etməyə çalışır. Bizim əlaqələrimizin əsasında bu qarşılıqlı maraqlar dayanır”.

Limburq əyalətinin iqtisadi əlaqələr üzrə vitse-qubernatoru Tvan Burskens tədbirdəki çıxışında bunları deyib: “Keçmişdə enerji və enerji siyasəti Limburq üçün çox vacib olub. Bu, Azərbaycanla bölüşdüyümüz aspektlərdən biridir. Niderlandın “Bakıya ticari missiyası”nda iştirak edərkən Bakının əldə etdiyi iqtisadi inkişafdan çox təsirlənmişdim. Biz artıq Venloda Azərbaycan biznes mərkəzinin açılmasını müzakirə etmişik”.

Azərbaycan İxracın və İnvestisiyanın Təşviq Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov qeyri-neft sektorunda holland investisiyasının imkanlarından söz açıb: “İqtisadi-ticari əlaqələrin inkişafında böyük qarşılıqlı maraqlar mövcuddur. Bu il iqtisadiyyat demək olar ki, 5 faiz inkişaf edib və Dünya Bankının ötən ilki “Doing Business” hesabatına əsasən 38-ci yerdə dayanır. Bu, həm də ötən 10 ildə ölkə iqtisadiyyatının inkişafı üçün göstərilən cəhdlər sayəsində mümkün olub”.

Qəlyanaltı zamanı nümayəndələr  “Azərbaycan - idman fotoobyektivdə” adlanan, 10 ölkənin fotoqraflarının AAC-nin eyniadlı müsabiqəsi üçün toplanmış 65 fotosundan ibarət sərgiyə də baxış keçiriblər. Fotolar bu il iyunun 12-28-də Azərbaycanda keçiriləcək Bakı-2015 I Avropa Oyunlarını əks etdirir.

Tədbir Azərbaycan və Niderland şirkətlərinin təcrübəsinin paylaşılması, bir çox qarşılıqlı birliklərin yaradıldığı biznes görüşləri ilə davam edib. Forum Limburq əyalətinin “Əyalət evi”ndə keçirilən naharla başa çatıb.

Növbəti səhifələr