Həmişə evdən “kənarda” oynayan komanda: “Qarabağ” FK-nın hekayəsi “Stamford Bridge” stadionunda təqdim olundu

Press-reliz: Futbol və idman insanları bərabərləşdirmək üçün çox gözəl vasitədir. Etnik mənsubiyyətindən, dinindən, milliyyətindən və ya mədəniyyətindən asılı olmayaraq idmanın qaydaları bütün dünyada anlaşılır.

Buna baxmayaraq, bəzən idman da münaqişənin qurbanı ola bilər. Bu, “Qarabağ” FK-nın məsələsində öz əksini tapır. Onların Ağdamda yerləşən doğma meydançaları 1993-cü ildə erməni işğalçıları tərəfindən Dağlıq Qarabağ və 7 ətraf rayon zəbt edildikdə atəş altına düşdü. Baş məşqçi Allahverdi Bağırov minaya düşərək həlak oldu, nəticədə bütün komanda Tofiq Bəhramov adına Azərbaycan Respublika stadionuna keçirildi. Tofiq Bəhramov “rus yan xətt hakimi” adlandırılırdı və 1966-cı il dünya çempionatının finalında İngiltərə komandasının lehinə verdiyi qərar onların Qərbi Almaniya üzərindəki tarixi qələbəsi ilə nəticələnmişdi.

Komanda Qarabağ atları şərəfinə “Atlılar” adlanır. Qarabağ atları çox vaxt polonun əcdadı olan Azərbaycanın çovkan oyununda istifadə olunan kiçik, güclü, qızıl saçlı heyvanlardır. “Qarabağ” futbol meydanlarında getdikcə daha çox uğur qazanmış və 2014-cü ildə Avropa Liqasında qrup mərhələsinin başgicəlləndirici zirvələrinə yüksəlmişdi.

Bu gözəl hekayə amerikalı jurnalist və yazıçı Tomas Qoltzu komandanın sınaq və çətinlikləri haqqında “On Aqqreqeyt” (“Aqreqatda”) sənədli filmini çəkməyə vadar etdi. Tomas Qoltz 1991-ci ildə müstəqil Azərbaycanın yenidən dirçəlişi zamanı burada olmuş və “Azərbaycan gündəliyi” kitabını yazmışdır.

İyunun 22-də “mavilərin” – “Çelsi” futbol klubunun “Stamford Bridc” stadionunda filmin Avropa premyerasında nümayişi olub. TEAS-ın London ofisinin direktoru Cek Peqoraro nümayişdən əvvəl çıxış edib. O deyib: “Təəssüf ki, BMT-nin Dünya Qaçqınlar Günü ifadəsi hazırda məcburi köçkünlərin üzləşdiyi çətinlikləri əks etdirmir, bu isə qeyri-adi bir haldır. Belə ki, indiki zamanda dünyada məcburi köçkünlərin sayı qaçqınların sayından daha çoxdur. 25 ildən çoxdur ki, Ermənistan müharibəyə başlayıb və bu müharibə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və 7 ətraf rayon işğal edilmişdir. 1 milyona yaxın insan məcburi köçkün və qaçqın olmuşdur və BMT Təhlükəsizlik Şurasının Ermənistanı qınayan dörd qətnamə qəbul etməsinə baxmayaraq, köçkünlərin heç biri evlərinə geri qayıda bilməmişdir. Bu isə filmdə yaranan vəziyyətə gətirib çıxarmışdır. Buna görə də “Qarabağ” FK 26 ildir ki, “evində” oyun keçirə bilmir”.

Film zamanı məlum olur ki, komandanın siyasi əhəmiyyəti onun bütün Azərbaycanda geniş dəstək qazanmasına yardım göstərir, xüsusilə Avropa Liqasında iştirakı zamanı. Komandada bir neçə əcnəbi oyunçu olsa da, komandanın əksər oyunçuları Ağdamdan olan məcburi köçkünlərdir və klubun futbol akademiyasından götürülən yeni oyunçuları da məcburi köçkün ailələrindəndir. “İnter” (Milan, İtaliya) komandası ilə matç zamanı azarkeşlər tərəfindən fəxrlə ucadılmış bannerdə yazıldığı kimi: “Qarabağ – sadəcə komanda deyil”.

Həm futbol fanatları, həm də Azərbaycanın dostlarından ibarət bu dinamik və məlumatlı auditoriya Tomasa bir çox suallar verib. Bu suallar arasında filmin kino festivallarında və müsabiqələrdə təqdim edilməsi, azərbaycanlı oyunçuların məvacibi, Tomasın özünün beysbol və amerikan futbolu ilə böyümüş bir amerikalı kimi bu “gözəl oyun” haqda təəssüratları, onun oyun haqqında çox da geniş biliyi olmayan bir şəxs kimi futbola dair film çəkilişinə yanaşması və Azərbaycanın milli komandasının oyun keyfiyyətinin artırılmasına dair tövsiyələri haqqında suallar da olub.

Ağdama səfər etmək imkanı haqqında suala Tomas bu cür cavab verib: “Bütün Dağlıq Qarabağa olduğu kimi Ağdama giriş mümkün deyil. Şəhər tamamilə yerlə-yeksan edilib. Şəhərə daxil olduqda orada Azərbaycan avtomobillərinin nömrə nişanlarından bir divar var, bu avtomobilləri ermənilər 1993-cü ildə şəhəri işğal edərkən mənimsəyiblər. Nömrələrin hamısı avtomobilin Ağdamda qeydiyyatda olduğunu bildirən “02” rəqəmi ilə başlayır”.

Növbəti səhifələr