Heydər Əliyevin tərcümeyi-halı Böyük Britaniya parlamentində təqdim edildi

Press-reliz. Oktyabrın 31-də Böyük Britaniya parlamentində keçirilən tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tərcümeyi-halı ingilis dilində təqdim edilib. Təqdimat mərasimi parlamentin üzvü Bob Bləkmanın sədrliyi ilə keçirilib. O, həmçinin Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədridir.

Tədbir Avropa-Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil olunub. Avropa-Azərbaycan Cəmiyyəti ümummilli liderin yeni tərcümeyi-halını nəşr edib. Tədbirdə Lord Kilclooney, Lord Addinqton, Mark Pausey və Martin Vikers iştirak ediblər.

Ümummilli liderin bu üçcildlik tərcümeyi-halı onun həyatının bütün dövrlərini əhatə edir. Bu əsərin müəllifi 1990-2003-cü illərdə jurnalist kimi fəaliyyət göstərmiş millət vəkili Elmira Axundovadır. O, Azərbaycanın öz müstəqilliyini əldə etməsini, Heydər Əliyevin sovet Siyasi Bürosundakı aparıcı rolunu və onun müstəqil Azərbaycandakı uğurlu rəhbərliyini yaxşı xatırlayır. Bir jurnalist kimi o, prezidentə yaxın idi, prezidentin hər bir siyasi addımını izləyirdi və prezidentdən dəfələrlə müsahibələr almışdı. Əksər tədbir iştirakçıları kitabın nüsxəsini əldə etməkdən məmnun qalıblar.

Ümumiliklə, xanım Axundova kitab üzərində 14 il işləyib. O, çap edilməmiş xeyli sənəd əldə edib, prezidentin həmkarlarından, dostlarından və ailə üzvlərindən 350-dək müsahibə alıb. Bu müsahibələrin bəzilərində yada salınan xatirələr əvvəllər heç vaxt səslənməyib.

Təbridə Avropa-Azərbaycan Cəmiyyəti London nümayəndəliyinin rəhbəri Cek Peqoraro bütün iştirakçıları salamlayıb. Sonra çıxış üçün söz Bob Bləkmana təqdim olunub. O, deyib: “Bakının və bütün Azərbaycanın inkişafının böyük hissəsi Heydər Əliyevin fəaliyyətinin nəticəsidir. O, Azərbaycanı sovet imperiyasından ayırıb tamamilə müstəqil ölkəyə çevirdi. O, ölkənin sərvətini bütün ölkə vətəndaşları arasında bərabər böldü. Böyük Britaniya-Azərbaycan münasibətləri onun siyasəti sayəsində yaxşılaşıb və möhkəmlənib. Ölkəsinin daha da çiçəklənməsinə və xalqının daha yaxşı yaşamasına səbəb olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) ilə BP arasında bağlanmış “Əsrin müqaviləsi” neft və qaz hasilatını artırdı. Bu müqavilənin bağlanmasında Heydər Əliyevin əməyi böyükdür. Bildiyimiz kimi, Heydər Əliyev Böyük Britaniyanın dostu olub. Mən Azərbaycanda dörd dəfə olmuşam və Azərbaycandakı inkişafın səviyyəsinin daha da yüksəldiyini hər dəfə öz gözlərimlə görmüşəm. Dağlıq Qarabağın və yeddi ətraf rayonunun qanunsuz işğalı nəticəsində öz dədə-baba yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin acınacaqlı vəziyyətini də görmüşəm. Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün müəyyən addımlar atdığının şahidi olmuşam”.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tahirzadə deyib Heydər Əliyevin mirasını xatırladıqda bunu unutmamalıyıq ki, biz sabit və müstəqil ölkədə yaşayırıq: “Bu ölkə Böyük Britaniya da daxil olmaqla digər ölkələr üçün etibarlı tərəfdaşdır. Bütün bunlar Heydər Əliyevin müdrik siyasətinin nəticəsidir. 20 il əvvəlki Azərbaycana baxsaq, müxtəlif sahə komandirləri tərəfindən hissələrə ayrılan, ərazisində xarici ölkələrin qoşunları hökmranlıq edən və demək olar ki, hər şeyi, o cümlədən qazı da idxal edən bir ölkə görərik. Müasir Azərbaycan isə xaricdən yardim alan yox, xaricə yardım edən ölkədir. Neft böhranına baxmayaraq, ümumi daxili məhsul artmaqdadır. Həll olunmamış yeganə məsələ Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasıdır. Heydər Əliyev qayğıkeş şəxsiyyət idi. Onun xırdalıqlara verdiyi önəm və yetirdiyi diqqət ölkəni bir neçə sarsıntıdan mühafizə etdi. Mən xanım Axundovaya dərin minnətdarlığımı bildirirəm. “Əsrin müqaviləsi”nin imzalanmasıın şahidi olmuş BP şirkətinin keçmiş məsləhətçisi Dr. Tamara Draqadze Heydər Əliyevin yaddaşına və diqqətinə heyran olmuşdu. Onun belə tərcümeyi-hala layiq olması şübhəsizdir”.

Elmira Axundova tədbirdə çıxış edib. O, deyib: “Heç kəs ağlına da gətirə bilməzdi ki, Azərbaycanın keçmiş kommunist lideri və qüdrətli sovet imperiyasının liderlərindən biri Simurq quşutək alovun içindən zirvələrə qalxaraq tezliklə bütün respublikanı və dünyanı təəccübləndirəcək. Bu insanın sirri nədə idi? Atalar sözünə zidd olaraq ümummilli liderimiz bir çaya ikinci dəfə necə girirdi? Düşünürəm ki, bu sualın cavabını Böyük Britaniyanın məşhur baş naziri ser Uinston Çörçill verib: “Tez-tez dəyişən şəraitdə dəyişməz qalmaq üçün insan həmin şəraitlə bərabər dəyişməlidir. Bu zaman onun əqidəsi və qarşısına qoyduğu məqsəd dəyişməməlidir”. Heydər Əliyev də zamana və şəraitə uyğun olaraq dəyişə bilirdi. Lakin onun əqidəsi, onun Azərbaycana olan sevgisi dəyişməz qalırdı. Heydər Əliyev çox ağır həyat yaşayıb. O, səmimi qəlbdən inandığı ideyaların iflasa uğramasının və sədaqətlə xidmət etdiyi ölkənin dağılmasının şahidi olub. O, tamamilə yeni bir dövrə addım atıb və sıfırdan siyasi Olimpin zirvəsinə yüksəlib”.

Həvəskar xanəndə olan Heydər Əliyev musiqini çox sevirdi. Tədbirin musiqili hissəsi Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, tarzən Rafiq Rüstəmovun rəhbərliyi ilə keçib. Rafiq Rüstəmov1969-cu ildə musiqi yarışmasında ilk dəfə qalib olub. Həmin il Heydər Əliyev Azərbaycan Sovet Sosialist Respublikasının lideri təyin edilmişdi. Rafiq Rüstəmovun incəsənətdəki yolu Heydər Əliyevin siyasətdəki liderliyi ilə eyni zamanda gedib.

Tədbir sual-cavabla yekunlaşıb. Suallar tərcümeyi-halda yer ala biləcək faktların ekstropolyasiyası, hakimiyyətin Əbülfəz Elçibəydən Heydər Əliyevə keçməsinin detalları və siyasəti ilə ölkəsini inanılmaz dərəcədə inkişaf etdirmiş böyük şəxsiyyətin düzgün təqdim olunması kimi mövzuları əhatə edib.

Növbəti səhifələr