Hugues Krafftın çəkdiyi XIX əsr Bakının ecazkar görüntüləri Reims şəhərində üzə çıxarılmışdır

Press-reliz: Bakının XIX əsrdə çəkilmiş və bu günə qədər görünməmiş bəzi unikal fotoşəkilləri Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin təşəbbüsü ilə Fransanın Reims şəhərindəki “Musée-Hôtel Le Vergeur” otelində sərgilənib. Noyabrın 24-də keçirilən bağlı baxış və açılış kokteylində Azərbaycanın Fransadakı səfiri cənab Rəhman Mustafayev, Gürcüstanın Fransadakı səfiri xanım Ekaterin Siradze-Delaunay və Reims şəhər merinin mədəniyyət məsələləri üzrə müavini Paskal Labell də daxil olmaqla 60-dək qonaq iştirak edib.

Fotoşəkillər öncül səyyah, fotoqraf, xeyriyyəçi və “Musée-Hôtel Le Vergeur” otelinin keçmiş sakini olmuş Hugues Krafft (1853-1935) tərəfindən çəkilib. O, 1896 və 1898-ci illərdə Rusiya çarı II Nikolayın xeyir-duası ilə Cənubi Qafqaza səyahət etmişdi. Onun Paris Coğrafiya Cəmiyyətinin qızıl medalını və Fransa Akademiyasının Monthyon mükafatını qazanmış bəzi fotoşəkilləri 1902-ci ildə “Hacette” nəşriyyatı tərəfindən “Rus Türküstanından keçərkən” (“Á travers le Turkestan russe”) kitabında dərc edilmişdi, lakin şəkillərin əksəriyyəti açıqlanmamışdı. Və onların heç biri bir əsrdən artıqdır ki, heç yerdə dərc edilməyib.

H.Krafft o zaman əlçatan olan ən yüngül çəkili kameralardan istifadə edərək Azərbaycan da daxil olmaqla Cənubi Qafqazın 1000-dən artıq görüntüsünü lentə alıb. Onların 547-si “Musée-Hôtel Le Vergeur” otelinin arxivində saxlanılır. Bu fotoşəkillər demək olar ki, yoxa çıxmış məkanı və zamanı göstərir. Bəzilərində insanlar gündəlik həyatda öz fəaliyyətləri ilə məşğul olarkən, bəzilərində isə onların ilk fotoçəkiliş təcrübəsi olan hadisə üçün xüsusilə seçilmiş ən yaxşı paltarlarında cilvələnərkən əks olunublar. Ümumilikdə, Cənubi Qafqazda çəkilmiş şəkillərdən 26-sı 1898-ci ildə Bakıda lentə alınıb.

Fransada yaşayan gürcü tarixçisi Ana Çeişvilinin rəhbərliyi altında və TEAS Fransa ofisindən Ülkər Muller tərəfindən koordinasiya edilən bu maraqlı sərgi həm sosioloji, həm də etnoqrafik cəhətdən çox dəyərlidir. Gündəlik həyat görüntülərinin bir çoxu indi bizim reportaj hesab etdiyimiz şeylərin öndərləridir və artıq mövcud olmayan yerləri, qloballaşmadan çox əvvəl yaşamış yerli insanları və keçmişin texnologiyalarını göstərir. Lakin Bakıda UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş İçərişəhərdə yerləşən Şirvanşahlar sarayı və Qız qalası bu günə qədər dəyişməz qalıb.

Krafft tərəfindən təsis edilmiş Köhnə Reims Dostları Cəmiyyətinin prezidenti və sədri Jan-Fransua Kornü öz açılış nitqində deyib: “Zamanın keçməyi Krafftın çəkdiyi fotoşəkilləri mənzərələrin, abidələrin, yerli xalqların, geyim və mərasimlərin unikal və əvəzedilməz ifadələrinə çevirdi... Krafft ora səfər etdikdə Bakı orta həcmli bir şəhər idi. Lakin o, şəhərin türk, fars və rus irsi ilə dolu olan memarlığına heyran qalıb. Krafft gördüyü hər şeyi bəyənən inanılmaz və çox mötəbər səyyah, tarixçi, yazıçı, fotoqraf və etnoloq idi. Bu sərginin sayəsində iştirakçılar, çox güman ki, müasir Bakını ziyarət etmək istəyəcəklər”.

TEAS-ın Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin tədbirdə çıxış edib. O deyib: “Azərbaycanın bu fransız kolleksiyalarında, arxivlərdə saxlanılan fotoşəkillərinə baxarkən, biz Hugues Krafftın Qafqaza səyahətini əks etdirən fotoşəkillərin mövcudluğunu aşkar etdik. Anladıq ki, onun Bakıya səfərini əks etdirən fotoşəkillər dərc edilməyib. Bu axşam siz apardığımız araşdırmanın nəticəsi olan sərgini görəcəksiniz. Bu sərgidəki şəkillər hazırda TEAS Press Nəşriyyat evi tərəfindən eyniadlı kataloqda dərc edilmək üçün hazırlanır”.

Azərbaycanın Fransadakı səfiri cənab Rəhman Mustafayev bu təşəbbüsü yüksək qiymətləndirib. Səfir qeyd edib ki, burada təqdim olunduğu kimi, bu cür sərgilər Bakının tarixini anlamağa və həmin dövrdə dünyadakı mövqeyini nəzərə almağa imkan verir: “XIX əsrdən XX əsrin əvvəllərinə qədər Rusiya imperiyasının bir hissəsi olmağına və 1920-ci ildə Sovet İttifaqının boyunduruğuna düşməsinə baxmayaraq, Bakı özünəməxsusluğunu qoruyub saxlamışdır”.

Gürcüstanın Fransadakı səfiri xanım Ekaterin Siradze-Delaunay Cənubi Qafqaz ölkələrinin mədəniyyəti və tarixinin, bölgə ilə Reims şəhəri arasında tarixi əlaqələrin Fransada təbliğində bu cür layihələrin vacibliyini və simvolik əhəmiyyəti olduğunu vurğulayıb. Səfir Cənubi Qafqazda qonşu olan Gürcüstanla Azərbaycan arasındakı dostluğun xüsusi təbiətini qeyd edib.

Reims şəhər merinin mədəniyyət məsələləri üzrə müavini Paskal Labell tarixin şahidi və mirasın qeydçisi kimi fotoqrafiyanın əhəmiyyətini və rolunu vurğulayıb. Əlavə edib ki, “bu fotoşəkillər Reimslə Bakı arasındakı tarixi əlaqələri göstərir”.

Tədbir Ana Çeişvilinin bələdçiliyi ilə sərgidə ekskursiya ilə davam edib.

Bakının kəşf edilməsi – Hugues Krafftın Qafqaza səfəri

“Musée-Hôtel Le Vergeur” oteli, 36 place du Forum, 51100, Reims, Fransa

Sərgi noyabrın 25-dən fevralın 4-dək davam edəcək, giriş pulsuzdur. Hər gün (bazar ertəsindən başqa) saat 14:00-dan 18:00-a qədər açıqdır.

Əlaqə nömrəsi: +33 (0)3 26 47 20 75

Növbəti səhifələr