İncəsənət üçün Xocalı Sülh Mükafatı-2017

2017-ci il İncəsənət üçün Xocalı Sülh Mükafatına işlərin qəbulu artıq başlanmışdır.

“Xocalıya ədalət” beynəlxalq kampaniyası və Avropa Azərbaycan Cəmiyyəti (TEAS) 1992-ci il, fevralın 26-da Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli vəhşiliyi olmuş Xocalı qırğınının 25-ci ildönümünə həsr olunan Xocalı Sülh Mükafatını təqdim edir.

Nüfuzlu münsiflər heyəti həm düşündürən, həm də müasir dünyada sülhün mənasını çatdıracaq incəsənət əsərləri sorağındadır. Qaliblər rəngkarlıq, rəssamlıq, kollaj, çap və ya fotoşəkillərdən istifadə etməklə ən yaradıcı və yaddaqalan incəsənət əsərləri yaradan rəssamlar arasından seçiləcək.

Bütün müsabiqə iştirakçıları deputatların və incəsənət sahəsini təmsil edən xüsusi qonaqların iştirakı ilə parlamentdə xüsusi mükafatlandırma mərasiminə və sərgiyə dəvət olunacaq. Qısa siyahıya salınmış işlər mükafatın təqdimat mərasimində sərgilənəcək. Qaliblərin adı 2017-ci il, fevralın 22-də elan ediləcək.

Bu il nüfuzlu Xocalı Sülh Mükafatının münsiflər heyəti Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Bob Bləkman, Böyük Britaniyanın sabiq xarici və birlik işləri üzrə naziri Baronessa Varsi, Baronessa Manzur və TEAS-ın direktoru Lionel Zetterdən ibarət olacaq.

Təqdim olunan işlər təsvirin bütün dünyada münaqişənin sülh yolu ilə həllini təbliğ etmə gücünə və acınacaqlı vəziyyətdə olan qaçqın və məcburi köçkünlərin dərdlərinə şərik olmasına görə qiymətləndiriləcək. Birinci yeri tutan iştirakçı 500 funt-sterlinq və 2017-ci il İncəsənət üçün Xocalı Sülh Mükafatını alacaq. İkinci yerə layiq görülən iştirakçı 300 funt-sterlinq, üçüncü yerə layiq görülən iştirakçı isə 200 funt-sterlinq alacaq.

Əgər siz öz əsərinizi İncəsənət üçün Xocalı Sülh Mükafatına təqdim etmək istəyirsinizsə, Ceyms Noblla (khojalypeaceprize@connectpa.co.uk) əlaqə saxlamağınız xahiş olunur.

 

Növbəti səhifələr