Münaqişələrin qarşısının alınması üçün bir alət olaraq multikulturalizm və tolerantlığın Azərbaycan modeli “Cenevrə sülh həftəsi” təşəbbüsü çərçivəsində BMT-nin baş qərargahında keçirilən mühüm konfransda qeyd edildi

Press-reliz: “Cenevrə sülh həftəsi” çərçivəsində keçirilən bir sıra tədbirlərin hissəsi olaraq “Palais des Nations” sarayında yerləşən BMT-nin Cenevrə ofisində keçirilmiş konfransda mədəniyyətlərarası və dinlərarası dialoqun Azərbaycan konsepsiyası digər ölkələr üçün nümunə kimi göstərilib. Noyabrın 7-də keçirilən tədbir Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisi, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Cenevrədə yerləşən Azərbaycanın BMT və digər beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəliyi tərəfindən təşkil edilmişdi. “Mədəniyyətlərarası dialoq vasitəsilə münaqişələrin qarşısının alınması – Azərbaycan nümunəsi” adlı konfrans müxtəlif diplomatik nümayəndəliklərin, QHT-lərin, elmi təşkilatların və beynəlxalq qurumların nümayəndələri ilə birlikdə çoxsaylı səfirlər də daxil olmaqla 70-dən çox iştirakçı cəlb edib.

Dini və etnik zəmindəki münaqişələrlə qarşılaşan müasir dünyanın getdikcə gərginləşən və qütbləşən təbiətini nəzərə alaraq, Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycanın modeli nümunə kimi göstərilib. Qədim zamanlardan Azərbaycan təbiətcə tolerant olub və hazırda multikulturalizm burada dövlət siyasətidir. Beləliklə, Azərbaycan hökuməti digər təşkilatlarla yanaşı BMT-nin Mədəniyyətlərarası Alyansı (UNAOC), UNESCO-nun və Avropa Şurasının dəstəklədiyi Bakı Beynəlxalq Humanitar Forumları və Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumlarını təşkil etmişdi.

Bakı həmçinin UNAOC-nin VII qlobal forumuna ev sahibliyi etmiş və bu tədbir “Bakı prosesi” adlanaraq, on ilə yaxındır ki, beynəlxalq dialoqu qoruyur. Bu ilin may ayında həmçinin iki ildə bir dəfə “Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən IV foruma ev sahibliyi etmişdir. 

Bakı həmçinin (Avropa Olimpiya komitələri himayəsi altında təşkil edilmiş) Bakı-2015 Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq və çoxmədəniyyətli tədbirlərə ev sahibliyi etmək üçün seçilmişdir. 

TEAS-ın Fransa ofisinin rəhbəri Marie-Laetitia Gourdin müzakirələri açıq elan edib. O bildirib: “Azərbaycanın təqribən 100 ildir dünyəvi dövlət olması və burada bütün dini icmaların dincliklə mövcudluğunun unikal aspekt olduğunu nəzərə alaraq, biz özümüz bu müzakirəni dini tolerantlığı və müxtəlifliyi əks etdirmək üçün mədəniyyətlərarası dialoqa qədər genişləndirdik”.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq münasibətlər departamentinin direktoru Nicat Məmmədli əvvəlcə Azərbaycanın multikulturalizm və dinlərarası dialoqu əhatə edən reallıqlarını əks etdirən qısa bir film nümayiş etdirib, daha sonra Florensiyadakı Avropa Universitetinin professoru Roy Olivierdən sitat gətirərək deyib: “Bu gün Azərbaycan hələ də qarışıq məscidlərin olduğu, şiə və sünnilərin birlikdə dua etdiyi yeganə ölkədir”. 

Cənab Məmmədli daha sonra bildirib: “Dini tolerantlığımız bizim eranın V əsrinə gedib çıxır, həmin vaxt yəhudilərə Qubada torpaq verilmiş və zərdüştilik dövründən sonra xristianlıq Qafqaz Albaniyasının dövlət dini olmuşdur. Azərbaycan həmişə hər bir imanı dəstəkləyib və bu gün biz belə bir vəziyyət görürük ki, burada müsəlman azərbaycanlılar və xristian gürcülər bir arada dua edir. Ölkəmizdə dövlət dəstəyi ilə yeni bir katolik kilsəsi inşa edilib. Azərbaycanda İslamın interpretasiyası sufizm üzərində qurulub ki, bu da sevgi, qardaşlıq və ümumi insanlıq ruhuna hörmət ehtiyacını vurğulayır. Ermənistanla Azərbaycan arasında davam edən Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq, Bakıda yerləşən erməni kilsəsi hələ də yerindədir və Azərbaycan dövləti tərəfindən restavrasiya edilib. Papa II İohann Pavel 2002-ci ildə Bakıya səfər etmiş, dağ yəhudiləri üçün yeni bir sinaqoq inşa olunmuşdur. Azərbaycanda “tolerantlıq” sözü uyğun deyil. Biz dinlərarası dialoqu dəstəkləyirik. Şiə-sünni nisbətinin 65:35 olmasına baxmayaraq, keçirilən bir sorğuda iştirak edənlərin yalnız 1 faizi İslamın bu formaları arasında hər hansı gərginliyin olduğunu düşündüyünü göstərib. Bir çox başqa ölkələrdə isə bu zəmində qan tökülür”. 

TEAS-ın direktoru Lionel Zetter sözünə belə davam edib: “Dünyəviliyin Azərbaycan modeli və onun sülhpərvər dinlərarası dialoq təcrübəsi, xüsusilə qloballaşma və günümüzün təhlükəsizliyə dair qlobal təhlükələr kontekstində unikal və uğurlu bir model kimi nəzərdən keçirilməlidir. Bir neçə ildir ki, TEAS bütünlükdə Avropada və Azərbaycanda Azərbaycan dini tolerantlığı və multikulturalizmini vurğulayan bir sıra layihələrə rəhbərlik edib. Deməliyəm ki, Azərbaycanda “dini tolerantlıq” ifadəsi yaxşı qarşılanmır və ondan istifadə dəstəklənmir, çünki, bu ifadə alçaldıcı hesab olunur. Əvəzində azərbaycanlılar öz cəmiyyəti daxilində dini ifadənin dini müxtəlifliyini fəal şəkildə qeyd edilməsindən danışmağı xoşlayır”. 

Daha sonra cənab Zetter bu yaxınlarda əvvəllər erməni işğalı altında olmuş və 2016-cı ildə “Dördgünlük müharibə” zamanı azad edilmiş Azərbaycan ərazisi olan Cocuq Mərcanlıya etdiyi səfərini xatırlayıb. O, kəndin yenidən qurulması üçün görülən işi, həm də insan həyatının dəyərini qeyd edib və sülhün üstün gəlməyəcəyi təqdirdə bunun münaqişənin dəyişkən ola biləcəyini göstərdiyini söyləyib.

O, daha sonra bildirib: “Mən bu gün BMT-də bu mövzuda danışmaqdan şərəf duyuram, amma biz unutmamalıyıq ki, BMT Təhlükəsizlik Şurası 24 il əvvəl erməni işğalını qınayan dörd qətnamə qəbul edib, amma onlar hələ də yerinə yetirilməyib. Bu məsələ həll edilərsə, ermənilər və azərbaycanlılar yenidən yanaşı yaşaya bilərlər”. 

Roma Sapienza Universitetinin tədqiqatçısı Dr. Daniel Pommier Vinçelli tədbirdəki çıxışında deyib: “Azərbaycan Demokratik Respublikası (ADR) (1918-20) dövründə “Qafqaz Azərbaycanı”nın nümayəndələri beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması üçün yorulmadan çalışırdılar. O dövrdə Dağlıq Qarabağ Ermənistanın, Azərbaycanın və ya Rusiyanın deyildi, belə ki, müasir dövlət konsepsiyası mövcud deyildi. Ermənistanın Dağlıq Qarabağın onun yurisdiksiyasına “geri döndüyünü” bildirməsi yanlışdır. Bu vəziyyət 1960-cı illərin ortalarında Ermənistanda etnik millətçiliyin baş qaldırdığı zaman meydana çıxdı. Bu, 1980-ci illərin sonlarında, Sovet İttifaqının uçurumun kənarında dayandığı bilinəndə aydın oldu”.

BMT-nin Parlamentlərarası İttifaqının (IPU) parlament nümayəndələri və xarici əlaqələr üzrə direktoru Anda Filip öz çıxışında bunları bildirib: “Bakıya səfərim zamanı mən ənənə ilə müasirliyin birləşməsindən təsirləndim. Azərbaycanda müxtəlifliyə və bərabərliyə balanslı hörmət var. Əhalinin bütün sektorları özünü tam ifadə edə bilər, ayrı-seçkilik aradan qaldırılıb. Müxtəliflik cəmiyyətdə əks olunmalı, mədəniyyətlərarası dialoq və əməkdaşlıq təşviq edilməlidir. IPU daha sülhpərvər dünya anlayışı yaratmaq və qurmağın bir yolu kimi fərqli mənşəli millət vəkilləri və inanclar arasında siyasi dialoqa və əməkdaşlığa çox inanır. Dünyada getdikcə əlaqəlilik və bir-birinə bağlılıq yarandıqda mədəni fərqlər arasında qarşılıqlı hörmət, anlaşma və əməkdaşlıq zəruri hala gəlir. Bu, oktyabrda 137-ci IPU Assambleyasında razılaşdırılmış, dinlərarası və millətlərarası dialoq vasitəsilə mədəni plüralizmə və sülhə dair Sankt-Peterburq deklarasiyasının məqsədi olmuşdur”. 

BMT-nin İnsan Hüquqları və Qlobal Dialoq üzrə Cenevrə mərkəzinin icraçı direktoru İdriss Jazairy çıxışında deyib: “2017-ci ildə Bakıda keçirilən Beynəlxalq Humanitar Forum zamanı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, müxtəliflik təhlükədədir. Prezident qeyd etdi ki, “dünyada artmaqda olan ksenofobiya, diskriminasiya, irqçilik, islamofobiya və antisemitizm kimi meyllər çox təhlükəlidir və qlobal siyasətçilər bunlara çox böyük diqqətlə yanaşmalıdır”. Mən onun baxışlarına qoşuluram, XXI əsrdə ksenofobiya, fərqli fikir sahiblərinə qarşı dözümsüzlük və irqçilik üçün zəmin yaranmamalıdır. Müxtəliflik və iştirak qorxu, nifrət və təcrid edilmə ilə əvəz edilməməlidir”.

Səfir İ.Jazairy Cenevrə mərkəzinin qlobal səviyyədə millətlər arasında sülh, dostluq əlaqələrini inkişaf etdirmək üçün Azərbaycanın səylərindən ilhamlandığını bildirib. O, çıxışına davam edərək deyib: “Bizim təşəbbüsümüz daha çox Prezident Əliyevin təşəbbüskarı olduğu millətlərarası dialoqun təşviqi üçün 2008-ci il Bakı prosesinin izi ilə gedir. Xalqlar və millətlər arasında açıq və hərtərəfli dialoqun təşviq edilməsi üçün Azərbaycan baxışı bizi ruhən və ədalətsizliyə qarşı durmaq üçün mənəvi öhdəliklərimizlə birləşdirir”.

Tədbir canlı sual-cavab sessiyası ilə yekunlaşıb. Burada Bakı İslam Akademiyasında şiə və sünnilərin təhsil alması, Bakıda yəhudi məktəbinin işi daxil olmaqla dini təhsil məsələləri, etnik təmizləmə nəticəsində Dağlıq Qarabağı işğal edən erməni dövlətinin qanunsuzluğu kimi mövzular əhatə olunub.

Müzakirələr Azərbaycan mədəniyyətlərarası dialoq və dini tolerantlıq anlayışının, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək edə biləcək vasitə olduğunu göstərib. İki misal qeyd olunub ki, bunlardan birincisi 2016-cı ildə başlanan Ermənistan-Azərbaycan Sülh Platformasıdır. Bu, hazırda Ermənistan və Azərbaycanın hüdudlarından kənarda olan ölkələrdə bir çox vətəndaş cəmiyyəti nümayəndələrinin dəstəyi ilə inkişaf edir. Onların fəaliyyəti “Biz birlikdə yaşamışıq və yaşayacağıq” kimi sadə şüarla idarə olunur. İkincisi, Qafqaz regionunun (Ermənistan, Azərbaycan və Rusiya) üç mənəvi rəhbərliyi bu yaxınlarda onların “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün sülhməramlı təşəbbüsləri müdafiə etməyə hazırlığını” ifadə edən birgə bəyanat verib.

Növbəti səhifələr