Muğamın ağrı, sevinc və poeziyası Parisə gəlir

Press-reliz: Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Paris nümayəndəliyi “Migrations exist. Death does not exist” (“Miqrasiya var. Ölüm yoxdur”) şüarı ilə keçirilən XII Avropa “L’Europe autour de l’Europe” kino festivalının təşkilatçısı olan “Europa Film Akt” birliyi ilə artıq ardıcıl altıncı ildir ki, əməkdaşlıq edir.

Festivalın şüarı ilk dəfə 1929-cı ildə məşhur serb şairi və diplomatı Miloş Crnjanksi tərəfindən yazılıb. TEAS-ın “Young Voices, Ancient Song” adlı yeni sənədli filminin nümayişində Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, eləcə də UNESCO-nun xoşməramlı səfiri və mədəni diplomatiya məsələləri üzrə xüsusi nümayəndəsi Hedva Ser də daxil olmaqla 120-yə yaxın diplomat və Azərbaycanın dostu iştirak edib. Bu film festivalda Karlos Saura, Jan-Luk Godard, Volker Schlöndorff və Andrey Vajda kimi məşhur kinematoqrafların köhnə və yeni filmləri ilə yanaşı nümayiş olunub. Amerika Muğam Cəmiyyətinin prezidenti Cefri Verbok və filmin rejissoru nümayişdə iştirak ediblər.

“Young Voices, Ancient Song” filmi aprelin 12-də Fransanın keçmiş mədəniyyət naziri Frederik Mittertand tərəfindən hələ 1975-ci ildə Parisdə təsis edilmiş “L'entrept” adlı çoxprofilli ədəbi incəsənət mərkəzində nümayiş etdirilib.

“Europa Film Akt”ın direktoru İrena Bilic filmin təqdimatında çıxış edib. O deyib: “Bu gecə biz çox nadir hadisələrin şahidi olacağıq. Biz filmə baxacaq, onun rejissorunu dinləyəcək və konsertdə iştirak edəcəyik. Mən bu gecənin təşkilatçılığında bizimlə yaxından əməkdaşlıq edən və ardıcıl 6 ildir bizimlə işbirliyi quran TEAS-a dərin minnətdarlığımı bildirirəm. O, Azərbaycan mədəniyyətinin bütün tərəflərini bizə tanıtdırıb”.

TEAS-ın direktoru Lionel Zetter tədbirdəki çıxışında belə deyib: “Biz məqsədi muğamın təbliği, eləcə də azərbaycanlı qaçqın və məcburi köçkün uşaqlarının acı həyatını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olan bir film təqdim etməyimizdən qürur duyuruq. Bu azyaşlılar hal-hazırda davam edən Dağlıq Qarabağ münaqişəsinin qurbanlarıdır.

1994-cü ildə sülh sazişi bağlansa da münaqişə öz qanlı qurbanlarını tələb etməkdədir. Yaddan çıxarmamalıyıq ki, ötən ilin aprelində baş vermiş dörd günlük müharibə çoxlu sayda insanın ölümü ilə nəticələnib. Bütün bu hallar münaqişənin həllinin təxirəsalınmazlığını və vacibliyini göstərir. Bizim ən böyük arzumuz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsidir. Bu, Dağlıq Qarabağ münaqişəsinin əsas qurbanı olan mülki əhaliyə öz ata-baba yurduna qayıtmağa və Azərbaycan muğamını öz doğma məkanına, yəni Dağlıq Qarabağa aparmağa imkan verərdi”.

TEAS-ın Fransa nümayəndəliyinin direktoru Mari-Letitiya Gourdin deyib ki, “Young Voices, Ancient Song” filmi Azərbaycanın ən mühüm və doğma ənənəsi olan muğamdan söhbət açır: “Muğam Dağlıq Qarabağda yaranmış möhtəşəm bir improvizasiya musiqisidir. Ermənistan-Azərbaycan münaqişəsinin davam etməsi Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılması və 1 milyona yaxın insanın qaçqın və məcburi köçkün həyatı yaşaması deməkdir. Bu münaqişə muğamın mövcudluğunu da sual altında qoyur. Bu film qaçqın və məcburi köçkün uşaqlarının muğam ənənəsinə sadiq qaldıqlarını göstərir”.

Əsrin dörddə biri qədər qanunsuz erməni işğalı altında qalan Azərbaycana məxsus Dağlıq Qarabağ torpağı muğamın inkişafında mühüm rol oynayıb. Dağlıq Qarabağda doğulmuş və boya-başa çatmış uşaqların bu mürəkkəb musiqini mükəmməl şəkildə ifa etməsi heyranedicidir. 2000-ci ildə cənab Verbok 1 milyona yaxın qaçqın və məcburi köçkünün məskunlaşdığı dəmiryol vaqonları və uçuq-sökük daxmalarda müsahibə aldığı azyaşlı xanəndələrin axtarışına çıxmışdı. Bu filmdə onun axtarışlarının üç xanəndənin tapılması ilə nəticələnməsindən və onların istedadının inkişaf etməsindən bəhs olunur.

Cənab Verbok muğamı 1973-cü ildə öyrənməyə başlayıb. O, tar, ud və kamança kimi üç Azərbaycan milli musiqi alətinin mahir ifaçısına çevrilib. Avropa, ABŞ və İsraildə verdiyi heyranedici konsertlərdə o, muğamın xırdalıqlarını izah edir.

Film nümayişinin sonunda tamaşaçılardan biri deyib: “Mövcudluğu haqda belə əvvəllər xəbərsiz olduğum ölkənin qədim musiqisi məni çox təsirləndirdi. Bu film mənə çox həqiqətləri açıqladı. Uşaqların bu musiqini öz babalarına oxuması çox heyrətamiz idi”.

Dünyada 11 sülh heykəli ucaltmış xanım Ser də film haqda təəssüratlarını bölüşüb. O deyib: “Ölkənizə olan məhəbbətinizi nümayiş etdirən bu film məni çox təsirləndirdi. Azərbaycanlılar çox mehriban və xoşrəftardır. Bunu mən Azərbaycana ilk səfərimdə başa düşdüm. Muğam oxuyan uşaqları görmək isə mənə xüsusi zövq verdi. İncəsənət bir insanın digəri ilə ünsiyyət qurmasının ən sadə və qısa yoludur. Hər nə olursa-olsun, muğam oxuyan uşaq özünü xoşbəxt hiss edir”.

Film nümayişinin sonunda aparılan sual-cavabda azərbaycanlı qaçqın və məcburi köçkünlərin geri qaytarılmasını asanlaşdıra biləcək məsələ – Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının vəziyyəti, habelə muğam musiqisinin oxşarlıqları, Azərbaycan dilinin türk kökləri müzakirə edilib. Tədbir cənab Verbokun kamançada heyranedici və möhtəşəm solo ifası ilə başa çatıb.

Növbəti səhifələr