Senator Andre Reixardt: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli növbəti Fransa prezidenti üçün prioritetdir

Paris, 29 mart, 2017-ci il: Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Paris filialının dəvətinə cavab olaraq senator Andre Reixardt növbəti Fransa prezidentinin xarici siyasət sahəsindəki prioritetləri ilə bağlı fikirlərini paylaşıb. Bu bəyanat Fransanın siyasi nəşrlərindən biri olan və 15 min tirajla buraxılan “La Revue du Trombinoscope” jurnalında dərc edilib. Jurnalın mart nömrəsi Fransa prezidentliyinə namizədlərə Fransanın gələcək xarici siyasətinə dair tövsiyələrin verilməsinə həsr olunub.

Senatda Fransa-Qafqaz Dostluq Qrupunun prezidenti olan Andre Reixardt öz məqaləsində yazır: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli növbəti Fransa prezidenti üçün prioritet olmalıdır”.

O, vurğulayıb ki, Fransa ilə Azərbaycan arasında 25 il davam edən diplomatik əməkdaşlıq nəticəsində müxtəlif sahələrdə, xüsusilə kollektiv təhlükəsizlik, enerji və iqtisadi əməkdaşlığın necə yüksək səviyyədə olmasına heyrandır.

Lakin senator Reixardt qeyd edib ki, bu cür yaxşı münasibətlərin olmasına və Fransanın Dağlıq Qarabağ uğrunda Ermənistan-Azərbaycan münaqişəsində danışıqlar vasitəsilə sülhə nail olmaq vəzifəsi daşıyan ATƏT-in Minsk Qrupunun həmsədri kimi statusuna baxmayaraq müəyyən güclü lobbilərə görə Azərbaycan öz mövqeyini Fransada eşitdirməkdə böyük çətinliklərlə üzləşir.

Bunu nəzərə alaraq, o, növbəti Fransa prezidentini bu sahədə “nümunəvi obyektivlik” nümayiş etdirməyə çağırıb. O, vurğulayıb ki, bu münaqişə mümkün qədər tez bir zamanda sülh yolu ilə həll olunmalıdır, çünki o, Avropa Birliyinin yanında yerləşən “regionun siyasi və iqtisadi sabitliyinə” təsir göstərir.

Senator Reixardt həmçinin bildirib ki, bu münaqişə Azərbaycanda dərin izlər qoyub. Belə ki, Dağlıq Qarabağ və 7 ətraf rayon Ermənistan tərəfindən işğal olunduğuna görə ölkə 1 milyona yaxın qaçqın və məcburi köçkün problemi ilə üzləşib. Bu insanların yeganə ümidi öz torpaqlarına geri qayıtmaq və əvvəlki kimi qonşuları ilə sülh şəraitində yaşamaqdır.

Senator Reixardt öz bəyanatını yekunlaşdırarkən bu təklifini bir daha təkrar edib ki, “müzakirələri irəli aparmağa” cəhd edərək Fransa Senatında Ermənistan və Azərbaycan arasında parlamentlərarası müzakirələr keçirilməlidir. Bu təklif mart ayının ortalarında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi səfəri çərçivəsində irəli sürülüb.

Növbəti səhifələr