AAC və AGAPA Brüsseldə yeni azərbaycanlı tələbələri və təcrübəçiləri qarşılayıb

Press-reliz: Brüsseldə yaşayan 30-dan çox yeni azərbaycanlı tələbə və təcrübəçi sentyabrın 25-də Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Belçikadakı ofisində keçirilən sayca üçüncü, illik qeyri-rəsmi şəbəkələşmə görüşündə iştirak edib.

Tədbir AAC və Avropada Gənc Azərbaycan Peşəkarları Assosiasiyası (AGAPA) tərəfindən təşkil edilib. 

AAC-nin direktoru Lionel Zetter tədbiri açıq elan edib və bunları bildirib: “Azərbaycan gözəl gələcəyi olan bir ölkədir. Bu gələcək isə bugünkü tələbə və təcrübəçilər sayəsində formalaşacaq. AAC Böyük Britaniyada “Uels şahzadəsi” mozaika xeyriyyə cəmiyyətinə sponsorluq edir. Bu xeyriyyə cəmiyyətinin məqsədi İslam dünyasının gələcək liderlərinə dəstək olmaqdır. Hamınız bu qrant üçün müraciət edə bilərsiniz”.

Azərbaycanın Belçika Krallığında və Böyük Lüksemburq Hersoqluğundakı səfiri, Azərbaycanın Avropa Birliyindəki nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov görüşdəki çıxışında deyib: “Siz Azərbaycana gələcəyin idarəçiləri kimi qayıdacaqsınız. Azərbaycanlı tələbələr Belçikada təhsil aldığı üçün qürur duyuram. Səfirliklə və AAC kimi dəstəkçi təşkilatlarla sıx əlaqədə olmağınız çox mühümdür. Siz vətənə qlobal perspektivlə qayıdacaqsınız. Azərbaycan hazırda regional səviyyədə mühüm rol oynayır. Bu rol tezliklə daha da aktivləşib qloballaşacaq”.

İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanındakı nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov isə nitqində görüşlə bağlı açıqlama verib və bunları deyib: “Bu gün burada belə gənc azərbaycanlı ziyalıları görmək çox xoşdur. Bəziləriniz bizim nümayəndəlikdə təcrübə keçib. Ümid edirəm ki, daha çox tələbə bizimlə vaxt keçirər. İslam Əməkdaşlıq Təşkilatı azərbaycanlılara Avropa institutları ilə işin prinsiplərini öyrətməkdə yardımçı olur. Azərbaycanlı olub İslam dünyasını bu gün burada və Avropa Birliyində təmsil etdiyim üçün fəxr edirəm. Ölkəmizin böyük potensialı var və bu potensial bu gün burada olan gənclərin hesabınadır”.

Azərbaycan Respublikasının NATO-dakı nümayəndəliyinin rəhbəri, səfir Xəzər İbrahim çıxışında deyib ki, Azərbaycan Diplomatik Akademiyasından NATO-ya hər il 30-35 tələbə gəlir: “Həmin tələbələrlə tanış olduqca onların dünyagörüşünün geniş olmasının şahidi oluram. Hamınızın bir gün səfir olmaq şansı var. AAC və AGAPA kimi təşkilatların sayəsində sizin imkanlarınız mənim dövrümə nisbətən daha çoxdur”.

Avropa Gənclər Forumunun siyasi məsələlər üzrə əməkdaşı Fransiska Şuelm deyib ki, Azərbaycanın Gənc Konsulu Brüsseldə yerləşən Avropa Gənclər Forumunun bir hissəsidir: “Biz Avropa Gənc Paytaxt təşəbbüsünü həyata keçirmişik. Beləcə, gəncləri aktiv şəkildə siyasi və sosial həyata cəlb edən şəhəri seçirik. 2016-cı ildə bu şəhər Gəncə olacaq. İlk dəfə Avropa Birliyinə daxil olmayan ölkədən - Azərbaycandan bir şəhər seçilib. Gəncəyə səfərim zamanı orada Qərbə meylli gənclərin həvəslərini, dünyagörüşlərini görüb çox sevinmişdim”.

Avropa Parlamentinin üzvü Anna Zaborskanın tələbəsi və AGAPA-nın nümayəndəsi Murad Məmmədov tədbirdə son sözü deyib: “AGAPA Avropa Birliyinin müxtəlif təsisatlarında, ABŞ Konqresində, Böyük Britaniya Lordlar Palatasında, habelə BP və digər şirkətlərdə təcrübə proqramları təşkil edir.

İnanırıq ki, Azərbaycanda xaricdə iş şansı verilməli olan çoxlu potensial liderlər yetişir. Xaricdə Azərbaycanın 70-dən çox nümayəndəliyi fəaliyyət göstərir. Onların hər birindən olduqca dəyərli təcrübə əldə etmək olar. Azərbaycanın Avropaya ehtiyacı olduğu kimi, Avropanın da Azərbaycana ehtiyacı var”.

Növbəti səhifələr