Xocalı 25 il sonra: neytrallığın mərkəzində musiqili xatirə gecəsi keçirildi

Press-reliz: Fevral ayının sonu yaz ab-havası ilə dolu olmalıdır, lakin bu, Azərbaycanda kədərli aydır. Bu kədəri bütün dünyada insan həyatına dəyər verən və beynəlxalq hüququn aliliyini dəstəkləyən bütün insanlar bölüşür. Bu da ona görə belədir ki, 1992-ci il, fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində işğalçı Ermənistan silahlı qüvvələri ən dəhşətli vəhşiliyi törədiblər. Ümumilikdə 24 saat ərzində 613 nəfər mülki vətəndaş öldürülüb. Onların arasında 106 qadın, 63 uşaq və 70 ahıl insan olub.

Fevralın 22-də keçirilən tədbir İsveçrənin paytaxtı Bern şəhərinin mərkəzində yerləşən, Alp dağlarının əhatəsində olan 150 yaşlı “Bellevue Palace” sarayında baş tutub. Bu tədbir “Xocalıya ədalət” kampaniyası çərçivəsində təşkil edilmiş və 1992-ci il, fevralın 26-da törədilmiş Xocalı qırğını qurbanlarının xatirəsinə həsr olunmuşdu. Bu məkan İsveçrə hökumətinin rəsmi qonaq evi olub siyasətçilərin, diplomatları və məşhur insanların qalmaq üçün seçdiyi bir yer olaraq qalır.

Azərbaycan musiqisi ilə dolu bu xatirə oyadan və emosional tədbir zamanı ümumi itki hissi yaşanırdı və Dağlıq Qarabağda olan Xocalı şəhəri ilə güclü bağlılıq hiss olunurdu. Azərbaycanın bir çox məşhur klassik musiqi xadimləri və bəstəkarlar, – onların hamısı muğam mikrotonlarını Qərb musiqisi ilə birləşdirib, – Dağlıq Qarabağda doğulub və ya bura ilə ailə bağları olub. Fikrət Əmirovun atası Dağlıq Qarabağdan, Şuşadan olan xanəndə idi və bu da onun emosional “Elegiya” əsərində çox yaxşı hiss olunur. Bu əsər “Rhein-Quartett” tərəfindən konsertin əvvəlində ifa edildi.

80 yaşlı azərbaycanlı bəstəkar Xəyyam Mirzəzadə 1957-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib, orada Qara Qarayevin tələbəsi olub və bundan sonra da dərs deməyə davam edib. 1969-1983 illərdə o, Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasının rəhbəri olub. Onun Berndə ifa edilən “Bərzəni” əsəri həzin xalq mahnısının bir formasıdır.

Özü Birinci Dünya müharibəsinin qurbanı olmuş Enrike Qranados ispan pianoçusu və xüsusilə ispan stilində klassik musiqi bəstəkarı olub. 1890-cı ildə bəstələdiyi “Orientale” əsəri onun 12 parçadan ibarət olan “Danzas Españolas” (“İspan rəqsləri”) əsərinin bir hissəsidir. Bu əsər xüsusilə əzəmətli və ecazkar idi.

Konsert Əfrasiyab Bədəlbəylinin xüsusilə duyğusal “Azad bir quşdum” əsəri ilə davam edib.

Konsert Pyer Tilloyun həmin faciəvi gecənin dəhşətlərindən bəhs edən “Xocalı 613” simfonik poeması ilə yekunlaşdırılıb. Bu əsərdə skripka, klarnet və simli alətlər kvartetinin əsgər yürüşü, fəryad, pulemyot atəşi və milli musiqini ifadə etməklə güclü təsir yaratmaq imkanlarından istifadə edilib. Bu əsəri azərbaycanlı skripkaçı Nəzrin Rəşidova, latviyalı klarnet ifaçısı Anna Gagane və “Rhein-Quartett” kamera ansamblı ifa edib. Bütün dinləyicilərə bu gözəl müasir əsərin yazıldığı CD hədiyyə edilib.

Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn knyazlığındakı səfiri cənab Əkrəm Zeynallı iştirakçılara Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyası haqqında məlumat verib. Qismən bu kampaniyanın nəticəsi olaraq dünyada bir çox parlamentlər Xocalı qırğınını müharibə cinayəti olaraq tanıyıb. Səfir İsveçrə parlamentarlarını da bunu etməyə çağırıb. O deyib: “Hər ilin fevral ayında Xocalı qırğını bizə xatırladır ki, ədalət üstün gəlməli, bu cinayətə cavabdeh olan bütün şəxslər məsuliyyətə cəlb olunmalı və bu torpaqda sülh bərqərar edilməlidir”.

100-dən artıq siyasətçi, nüfuzlu şəxslər və mətbuat nümayəndələrindən ibarət auditoriya qarşısında çıxış edən Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Strasburq ofisinin rəhbəri Eliza Piter tədbirdə çıxış edib. O deyib: “Bu axşam keçirilən tədbir insanın qeyri-insani ola biləcəyini və müharibənin, – xüsusilə mərkəzində olan mülki vətəndaşlar üçün, – dəhşətli nəticələrinin ola biləcəyini xatırlamağa yardım edir. Bu, həmçinin, bir faktı göstərir ki, Xocalıda və regionun digər yerlərində qırğınlar törətmiş şəxslər məlumdur. Və tədbirin məqsədi bu şəxslərin məsuliyyətə cəlb edilməsi üzrə kampaniyanı genişləndirməkdir”.

Musiqiçilər “Xocalı 613” parçasını ifa etməzdən əvvəl onu bəstələyən fransalı bəstəkar Pyer Tilloy söz alıb. O, bunları bildirib: “Mən siyasətçi deyiləm, mən diplomat deyiləm. Mən sözlə ifadə oluna bilməyənləri musiqi ilə ifadə etməyə çalışıram. Ümidvaram ki, sülh bərqərar olacaq. Bu əsəri yazanda mən sanki bir quş olub 26 fevral, 1992-ci ildə həmin faciəli gecədə Xocalı üzərində uçur və bu faciəvi səhifəni musiqi vasitəsilə ifadə edirdim. Ədalət onu tələb edir ki, Ermənistandan öz işğalçı qüvvələrini çıxarmağı tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi yerinə yetirilməlidir. Ədalət həmçinin onu tələb edir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymadığına və qonşu dövlətin ərazisini işğal etdiyinə görə sanksiyalara məruz qalmalıdır”.

Növbəti səhifələr