Xocalı faciəsı rəsmlər vasitəsilə Vestminster Parlamentində yad edildi

Press-reliz: Azərbaycanda və bütün dünyada qanunun aliliyinə və insan həyatının müqəddəsliyinə inanan bütün insanlar üçün fevral ayı hər zaman kədərlə doludur. Bu ona görə belədir ki, 25 il bündan əvvəl həmin ayda Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli vəhşiliyi baş verib. Xocalı qırğını 613 nəfər mülki vətəndaşın həyatına son qoyub. Həlak olanlar arasında 106 qadın, 63 uşaq və 70 nəfər ahıl insan da var.

Bu faciə və bir çox başqa ağlasığmaz vəhşilik hallarına baxmayaraq, Azərbaycan bu həll olunmamış münaqişənin həmişə sülh yolu ilə həll olunmasını istəyib. Bu, insanlar səviyyəsində anlaşılmanın artırılması məqsədilə Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti üzvlərinin bir araya gətirilməsi üçün Azərbaycanın təşəbbüsü ilə Sülh Platformasının təzəlikcə yaradılmasında da nümayiş etdirilib. Eyni şərait hər il keçirilən incəsənət sahəsində Xocalı Sülh Mükafatı üçün də katalizator olmuşdur. İncəsənət vasitəsilə bu faciənin dəhşətlərini təqdim etmək məqsədi daşıyan bu mükafat “Xocalıya ədalət” kampaniyasının təşəbbüsü olmuş və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilmişdir. 2016-cı ildə əsası qoyulmuş və hazırda artıq ikinci il keçirilən bu yarışma Böyük Britaniyada yaşayan və incəsənət sahəsində təhsil alan tələbələrin yaradıcılığını istiqamətləndirməkdə davam edir.

Mükafatlar 22 fevral tarixində Böyük Britaniya Parlamentinin tarixi “Strangers’ Dining Room” zalında 100-dən artıq beynəlmiləl londonlu qarşısında təqdim edilib. Təqdim olunmuş 70-dən artıq iş arasından seçim edən münsiflər heyəti üzvləri Baronessa Sayeeda Varsi, Baronessa Zahida Manzur, Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Bob Bləkman, TEAS-ın mədəniyyət məsələlri üzrə məsləhətçisi Səbinə Rakçeyeva və TEAS-ın direktoru Lionel Zetter olublar.

TEAS-ın London ofisinin direktoru Cek Peqoraro deyib: “Ermənistan-Azərbaycan münaqişəsi zamanı bütün etnik azərbaycanlılar ya öldürülmüş, ya da Dağlıq Qarabağ və 7 ətraf rayondan qaçmağa məcbur olmuşdur. Həlledici məqamlardan biri 26 fevral tarixində 613 silahsız mülki vətəndaşın (kişi, qadın, uşaq) işğalçı erməni qüvvələri tərəfindən öldürülməsidir. Hazırda bu faciədən 25 il ötür və heç kəs məsuliyyətə cəlb olunmayıb. Bugünkü tədbirin və digər bu cür tədbirlərin məqsədi qurbanları yad etmək və bu cür faciələrin bir daha təkrarlanmamasını təmin etməkdir”.

Tədbirin təşkilatçısı Baronessa Zahida Manzur çıxışında bunları deyib: “Mən müsabiqədə münsiflərdən biri idim. Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun bəzi başqa üzvləri ilə birlikdə Azərbaycana səfərim zamanı mən Dağlıq Qarabağ regionundan olan bəzi məcburi köçkünlərlə görüşmək şərəfinə nail olmuşdum. Onların bəzilərinin çox kədərli hekayətlərini eşitmək dəhşətli idi. Onların yaşadıqları terrordan başqa burada ümid, sevgi və ahəng də vardı. Onlar gələcəkdə sülh və münaqişənin həll olunmasını istəyirdilər. Onların yaşadıqlarından çox təsirləndirm. Bu tədbirin keçirilməsində böyük məna var – bu, bəşəriyyətin gələcəyi haqdadır. Biz bu cür vəhşilikləri görəndə bu barədə danışmalı və fikirlərimizi bölüşməliyik. Bir səslə danışaraq razı olmadığımız məsələləri həll edə bilərik. Bütün bu rəsm əsərlərində müəyyən dərəcədə ümid elementi var. Bəzilərində sülh və sevgi görə bilərsiniz. Digərlərində çarəsizlik və kədər dolu gözlər görə bilərsiniz. Bəzilərində isə sülh göyərçininin qanadları var, çünki biz hamımız eyni dəyərləri bölüşürük və irəli getməyə çalışırıq. İncəsənət sahəsində Xocalı Sülh Mükafatının qaliblərini müəyyən etmək çox çətin idi, lakin bütün şəkillər münaqişənin həll olunmasına və sülhə ehtiyacın olduğunu göstərirdi”.

Baronessa Sayeeda Varsi qaliblərin adını elan edib. Birinci mükafatı Norviç İncəsənət Universitetinin tələbəsi, britaniyalı Luisa Marriottun “Hərəkətin sakitliyi” (Tranquillity of Movement) adlı rəsm əsəri alıb. O, təltif olunduğu zaman etdiyi çıxışında bunları deyib: “Mənim rəsm əsərim çox siyasidir və mən istəyirəm ki, bu əsər dəyişikliyə gətirib çıxarsın, dünyaya müsbət təsir göstərsin. Mənim rəsm əsərim Xocalıda həlak olmuş 63 uşağın xatirəsinə həsr olunur, lakin onların simaları bugünkü qaçqın uşaqların simalarıdır. Ümid edirəm ki, bu bizə qaçqınların acınacaqlı vəziyyətinə daha mərhəmətli yanaşmağa yardım edəcək”.

BMT Təhlükəsizlik Şurasının işğala qarşı dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan Dağlıq Qarabağın və 7 ətraf rayonun işğalını bu günə qədər davam etdirir. Hazırda Azərbaycan ərazisinin təqribən 20 faizi işğal altındadır və 1 milyona yaxın qaçqın və məcburi köçkün Azərbaycanın müxtəlif yerlərində məskunlaşıb.

Gecə Xocalı qurbanlarının xatirəsinə və yalnız bir arzusu – evlərinə qayıtmaq arzusu olan azərbaycanlılara həsr olunmuşdu.

İncəsənət sahəsində Xocalı Sülh Mükafatı, 2017

Birinci mükafat – “Hərəkətin sakitliyi” (Tranquillity of Movement), Luisa Marriott

İkinci mükafat – “Səhər” (In The Morning), Tae Eun Ahn

Üçüncü mükafat – “Batmayın” (Don’t Be Submerged), Ming Ying

Yüksək təqdir – “Mənə qaçqın deməyin” (Please Don’t Call Me Refugee), Keti Şevlin

Növbəti səhifələr