Xocalı qurbanlarının xatirəsinə

Fevralın 25-də Berlinin “Galerie Schultz” adlı ən məşhur sərgi qalereyalarının birində Xocalı soyqırımının 613 qurbanına həsr olunmuş sərgi keçirilib. Xocalı soyqırımı yaddaşlarda Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli hadisəsi kimi qalıb. Öldürülənlər arasında 106 qadın, 63 uşaq və 70 qoca var idi. Sərgi Avropa Azərbaycan Cəmiyyətinin Berlin nümayəndəliyi tərəfindən təşkil olunmuşdu.

Bu soyqırımı 25 il əvvəl, yəni 1992-ci il, fevralın 26-da baş verib. BMT Təhlükəsizlik Şurasının bəyanatlarına məhəl qoymayan Ermənistan hazırda Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu, yəni Azərbaycan ərazisinin təxminən 20 faizini işğal altında saxlamaqda davam edir. Azərbaycanın 1 milyona yaxın əhalisi isə düşərgələrdə qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olunub.

Sərgidə tanınmış Azərbaycan rəssamı Əşrəf Heybətovun Xocalı soyqırımına aid sonuncu əsərləri nümayiş etdirilib. 1981-ci ildən peşəkar fəaliyyətdə olan bu rəssamın əl işləri NATO-nun Brüsseldəki, BMT-nin isə Cenevrədəki qərargahlarında, eləcə də Vatikanda sərgilənib. O, beynəlxalq anlaşmanın möhkəmlənməsi üçün öz sənətindən istifadə etməsi və öz əsərlərində azərbaycanlı ruhunu əks etdirməsi ilə məşhurdur. Sərginin rəhbəri Mixael Şhults gənc rəssamlarla birgə Endi Uarhol və Gerhard Rixter kimi məşhur rəssamların əsərlərini nümayiş etdirir.

Tədbir “Xocalıya ədalət” kampaniyasının dəstəyi ilə keçirilib. Dəvət olunmuş 300 qonağın arasında Azərbaycanın Almaniyadakı səfiri və bir çox tanınmış siyasətçilər də olub.

Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərovun qonaqlara müraciətindən: “Bu tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilir. 2008-ci ildən keçirilən bu kampaniya regionda ədalətin bərqərar edilməsi yolunda apardığı işlərdə böyük beynəlxalq dəstək qazanıb. İndiyədək bu kampaniya Avropa, Amerika, Asiya və Afrikanın 100-dən artıq ölkəsində tədbirlər təşkil edib. Avropa Azərbaycan Cəmiyyəti öz tədbirlərini Afina, Bern, Brüssel, London, Lüksemburq, Paris, Praqa, Sofiya və Vilnüs şəhərlərində keçirməkdədir. Bugünkü tədbirimiz isə Berlində keçirilir. Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, professor Heintze və sənəti ilə bizi bir araya gətirən Əşrəf Heybətov cənablarını sizin kimi dəyərli qonaqlarla bir yerdə görmək və salamlamaq mənim üçün çox xoşdur. Cənab Heybətov kimi böyük rəssamın beynəlxalq səviyyəli qalereyaçı cənab Şultsla işbirliyi 25 il əvvəl baş vermiş Xocalı soyqırımına və ata-baba yurduna dönmək arzusu ilə yaşayan qaçqın və məcburi köçkünlərin talelərinə bir daha işıq saldı”.

Növbəti səhifələr