“The Economist Group”un İstanbulda keçirdiyi sammitdə Azərbaycanın enerji potensialı işıqlandırıldı

Press-reliz: Beynəlxalq biznes və dünya siyasəti məsələlərinə dair şərhlərin əsas mənbəyi hesab olunan “The Economist Group”un oktyabrın 30-31-də İstanbul şəhərindəki “Swissôtel The Bosphorus” otelində təşkil etdiyi Avropa Enerji Sammitində əsas müzakirə obyekti Azərbaycanın gələcək enerji təchizatçısı və tranzit ölkə kimi əhəmiyyətli rolu ilə bağlı olub.

“Enerji xətlərinin yenidən çəkilməsi” başlığı altında aşağıdakı məsələlər müzakirə edilib:

- Enerji bazarında Avropa İttifaqının prioritetləri;

- Avropanın enerji təhlükəsizliyi;

- Türkiyənin enerji sektorunun qiymətləndirilməsi;

- Avropa infrastruktur texnologiyalarının inkişafı.

Sammitin qala-yeməyinin sponsoru Avropa Azərbaycan Cəmiyyəti idi.

Məruzəçilər arasında Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız, TAP-ın (Trans-Adriatik kəməri) xarici işlər direktoru Maykl Hofman, Türkiyə Xarici İşlər Nazirliyinin çoxtərəfli iqtisadi və enerji məsələləri üzrə baş direktoru Mithat Rende və Avropa İttifaqının enerji komissarı Günter Oetingerin xüsusi müşaviri Jan-Arnold Vinois də olub.

“Şahdəniz” konsorsiumu Xəzər dənizindən çıxarılan Azərbaycan qazını TANAP-ın son nöqtəsindən, yəni Avropanın Türkiyə sərhədindən İtaliyaya aparması üçün məhz TAP-ı seçməsi barədə qərar verməsinin ardınca bu konfransın keçirilməsi Azərbaycan üçün əhəmiyyətli bir vaxtla üst-üstə düşdü. TAP-ın tikintisi başa çatanda ildə 10 milyard kubmetr qaz Avropaya nəql olunacaq ki, bunun da 6 milyard kubmetri TANAP vasitəsilə Türkiyəyə gedəcək.

TAP və TANAP birlikdə “Cənub enerji dəhlizi”nin ayrılmaz elementi kimi Avropanın enerji təhlükəsizliyini təmin edəcək.

Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri Egemen Bağış qala-yeməyinə sponsorluq etdiyi üçün Avropa Azərbaycan Cəmiyyətinə təşəkkürünü bildirib. O, Türkiyə ilə Azərbaycan arasındakı xüsusi münasibətlərə öz rəyini bildirib və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “boru kəmərlərinin çoxşaxəli olması bizə xoşbəxtlik gətirəcək” sözlərini dəstəkləyib.

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter isə öz fikirlərini belə ifadə edib: “Avropa Azərbaycan Cəmiyyəti dünya şöhrətli “The Economist” dərgisi ilə birgə əməkdaşlıq sayəsində təşkil olunan belə əhəmiyyətli bir tədbirə sponsorluq etməkdən çox məmnundur. Bu sammitin əsas diqqət mərkəzi Türkiyədir, lakin hər bir sessiyada və məruzədə bu ölkə ilə Azərbaycan arasındakı sıx müştərək əlaqəyə, xüsusilə də son enerji müqaviləsinin təsdiq olunmasına istinad edildi”.

Önemli sayfalar